BSU aliminin Tiflisdə “İrsimizə atəş açmayın” filminin təqdimatı keçirilib

       

      Noyabrın 10-da Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycanda İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, əməkdar jurnalist, tədqiqatçı Şəlalə Həsənovanın müəllif olduğu “İrsimizə atəş açmayın” adlı 30 dəqiqəlik sənədli filmin təqdimat mərasimi keçirilib.

    Film Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gəlib. Tiflisdə nümayiş olunan sənədli film rus dilində səsləndirilib. Filmin nümayişindən sonra çıxışlar olub. M.F.Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva yeni sənədli filmin hazırlanmasının və Tiflisdə nümayiş olunmasının vacibliyini vurğulayıb. O, gürcü alimlərinə və tədqiqtçılara Azərbaycanın işğal olunan torpaqlarında baş verən bu günkü vandalizm hallarının çatdırılmasını vacib hesab edib.

     Tədbirdə çıxış edən filmin müəllifi Şəlalə Həsənova Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ müharibəsində hələ də dinc əhaliyə atəş açıldığını və münaqişə nəticəsində erməni və Azərbaycan əsgərlərinin öldürüldüyünü bildirib. Müəllif 30 il davam edən münaqişənin hələ də həllinin tapılmadığını və bu müharibədə kiçik yaşlı uşaqların da öldüyünü qeyd edib. Ş.Həsənova bildirib ki, filmin “Sülhə çağırış” şüarı altında Ermənistan-Azərbaycan Sülh Platforması layihəsinə xidmət etdiyini və filmdə iştirak edən erməni xalqının rasional fikirli nümayəndələrinin dediyi sözlərdə tarixi gerçəkliklərin erməni xalqının özündən belə gizlədildiyi etiraf edilib. Bu tarixi faktları həmçinin Qərb və Rusiya alimləri, səyahətçiləri, yazıçıların xatirələrində də canlandırılır.

Təqdimat mərasimində bildirilib ki, dünya siyasətinin tendensiyalarından biri də həqiqətə ikili standartlarla yanaşmaqdır. Qeyd olunub ki, İrəvanın Azərbaycanın əzəli torpağı olmasını hələ də Qərbin bəzi siyasi dairələri tam qəbul etmək istəmir.
“İrsimizə atəş açmayın” adlı sənədli filmin müəllifi yeni çəkilən filmin Azərbaycan dilində də hazırlandığını deyib. O, bildirib ki, Azərbaycan dilində səslənən film Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli orta məktəblərə də hədiyyə olunacaq.

     Gürcü professoru Quram Marxuliya çıxışında sülhün Azərbaycan tərəfindən daim dəstəkləndiyini və Azərbaycan əsgərlərinin danyaya reallığı çatdırdıqlarını bildirib. Q.Marxuliya erməni yalanlarını, onların vandalizm hərəkətlərini ifşa edib: “Ermənilər yalan danışır, lakin daşlar qalır. Bu da işğal olunan torpaqların, Dağlıq Qarabağ və Ermənistan ərazisinin tarixən Azərbaycana məxsus olduğunu təsdiq edir” deyə gürcü professor vurğulayıb.

      Gürcü rejissor Tenqiz Txilava peşəkar rejissor kimi yeni çəkilən sənədli filmi dəyərləndirdiyini bildirib. Onun sözlərinə görə, filmdə çəkilən hər bir epizod faktlara əsaslanıb: “Filmdə nümayiş olunan epizodlar və ermənilərin vandalizm hərəkətləri Gürcüstana da aiddir. Rusiya Gürcüstana da erməniləri köçürüb və onlar Abxaziyada bizim tariximizi və mədəniyyətimizi məhv ediblər” deyə rejissor öz fikrini bildirib.

     Tarixçi Simon Kopadze filmə baxdıqdan sonra erməni quldurların hərəkətlərini vəhşilik adlandırıb. O, ermənilərin Azərbaycanın tarixi abidələrini, mədəniyyətini, qədim məscidləri darmadağın edən vandalizm hərəkətlərini pisləyib.

     Gürcüstan parlamentinin keçmiş deputatı Ramiz Bəkirov Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğunu və ermənilərin işğal etdikləri torpaqları tezliklə geri qaytaracaqlarına əmin olduğunu bildirib.

     Tədbirdə çıxış edən Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) baş redaktoru, Azərbaycanın Əməkdar Jurnalisti Nizami Məmmədzadə filmi çəkib Gürcüstanda nümayiş etdirdikləri üçün müəllif Şəlalə Həsənovaya təşəkkür edib. O, digər çıxışçılarla həmrəy olduğunu və erməni quldurlarının vəhşicəsinə törətdikləri cinayətkarlığın bəşəriyyət aləminə silinməyən qara ləkə olduğunu deyib.

     Qeyd edək ki, sənədli film müəllifin sayca 10-cu filmidir.

     Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, gürcü və azərbaycanlı ziyalılar, tarixçilər, məktəb müəllimləri və jurnalistlər iştirak edib.