BSU-da Bayraq Gününə həsr edilmiş tədbir keçirilib

        

     Noyabrın 8-də Bakı Slavyan Universitetində Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib.

     Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxış edərək bayrağın milli-mənəvi dəyərlərimizdəki yerindən söz açıb. O, BMT-də, beynəlxalq tədbirlərdə qürurla dalğalanan Azərbaycan bayrağının ölkəmizin siyasi qüdrətini, iqtisadi potensialını, hərbi gücünü əks etdirdiyini bildirib. N.Əliyeva multikulturalizm, tolerantlıq kimi yüksək dəyərləri ehtiva edən beynəlxalq forumlarda, nüfuzlu dövlətlərarası tədbirlərdə qaldırılan Azərbaycan bayrağının iftixar yerimiz olduğunu nəzərə çatdırıb. O, Azərbaycan gəncliyini dünyada baş verən neqativ proseslər fonunda öz dövlətini və bu dövləti təmsil edən bayrağı qorumağa çağırıb.

     Tarix boyu çətin sınaqlardan keçmiş Azərbaycan xalqının bu gün yaşadığı firəvan həyata görə qürur hissi keçirdiyini deyən N.Əliyeva bu inkişafın Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təcrübəsi və Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində əldə olunduğunu vurğulayıb. N.Əliyeva Azərbaycan bayrağının hər bir vətənpərvər insanın and yeri olduğunu diqqətə çatdıraraq əlamətdar gün münasibətilə hər kəsi təbrik edib.

     Sonra BSU tələbələri rus, polyak, bolqar, Ukrayna, belarus, yunan, çex, türk dillərində bayraqla bağlı təbriklər səsləndiriblər.

    Tədbir bədii hissə ilə davam edib. Tələbələr tərəfindən bayrağımıza həsr olunmuş şeir və mahnılar ifa edilib, milli rəqs nümayiş olunub.

 

BSU-nun mətbuat xidməti