BSU tələbələrinin Soçi Festivalı təəssüratları

   

     Noyabrın 2-də Bakı Slavyan Universitetinin konfrans zalında oktyabrın 14-dən 22-dək Soçidə keçirilmiş XIX Ümumdünya Tələbə və Gənclər festivalında iştirak etmiş BSU tələbəri ilə görüş keçirilib.

    Görüşdə BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Pedaqoji fakültənin dekanı, professor Flora Nacıyeva, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri iştirak ediblər.

     Tədbirə açılış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova əvvəlcə iştirakçıları salamlayıb, təmsilçilərimizin Soçidə gördükləri işləri yüksək dəyərləndirərək sözü onlara verib.

       Soçidə keçirilmiş Festivalda Azərbaycan heyəti sırasında olmuş BSU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin IV-cü kurs tələbələri -  Nəzrin Səfərova, Səbinə Qafarova, Suğra Mirələyeva, Vaqif Məmmədov, Tural Rzazadə və Ələkbər Mirzəyev bir-birinin ardınca çıxış edərək Festivalla bağlı öz təəssüratlarını bölüşüblər.

      Tələbələrimizin sözlərinə görə Festivalda ümumilikdə 150 ölkədən 30 min gənc tələbə iştirak edib və onlardan 170 nəfərini Azərbaycan nümayəndə heyəti təşkil edib. Onlar qeyd edib ki, burada əsas məqsəd ölkəmizi yüksək səviyyədə təmsil etmək - Azərbaycanın nailiyyətlərindən, siyasi və iqtisadi inkişafından, tarixindən, mədəniyyətindən, adət-ənənələrindən və nəhayət yaralı yerimiz olan Dağlıq Qarabağ problemindən geniş şəkildə söhbət açaraq festival iştirakçılarını tanış etmək olub.

      Festivalda bir-birindən fərqli mövzuda və çoxlu sayda tədbirlər keçirilib. Gənclərimiz bir sıra maraqlı proqramlar, mədəni tədbirlər, idman yarışları, siyasi diskussiyalar, motivasiya mühazirələri və ustad dərslərində iştirak ediblər. Onlar "Zamanın qəhrəmanları, gələcəyin təsviri: Ortaq dəyərlər və fərdi paylar", "Sülh naminə multikultural dialoq", "Qlobal siyasət və onun gündəliyi", "Dəyişən dünyada inteqrasiya prosesləri", "Diplomatların yeni nəsli və gənc diplomatların beynəlxalq problemlərin həllində ideyaları" və bu kimi digər mövzularla bağlı müxtəlif panellərdə iştirak edib, fəallıqları ilə başqalarından seçiliblər.

     Bundan əlavə tələbələrimiz tanınmış siyasətçilərlə, iqtisadçılarla, rejissorlarla, idmançılarla və jurnalistlərlə görüşüblər. Bu şəxslərin sırasında İtaliya futbolçusu, məşhur qapıçı Cuxeppi Skotti, Portuqaliyanın Multikulturalizm fondunun prezidenti Silvio Santos, Amerikalı ssenarist, dramaturq və rejissor Neyl Landau, Rusiyanın 2000-2004-cü illərdə İqtisadi İnkişaf Naziri olmuş, hazırda Sberbankın prezidenti German Qref və jurnalist - teleaparıcı Yelena Xanqa olub.

      Yeri gəlmişkən, təmsilçilərimiz üçün yadda qalan ən xoş hadisələrdən biri də 18 oktyabr Azərbaycan Dövlət Müstəqillik Gününü festivalın əsas mərkəzində konsert proqramı təşkil edərək qeyd etmələri olub. Onlar qeyd edib ki, bu hissləri sözlə ifadə etmək çox çətindir. Əcnəbi iştirakçılarla bərabər keçirilən konsertdə milli musiqilərimiz - "Sarı gəlin", "Uzun dərə", Müslüm Maqomayevin "Azərbaycan", "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" və digər mahnıları səsləndirilib, böyük şairimiz Səməd Vurğunun "Azərbaycan" şeiri oxunub. Burada digər ölkələrdən olan iştirakçılar isə öz ana dillərində Azərbaycana salam göndərib və Dövlət Müstəqllik Günümüzü təbrik ediblər.

      Təmsilçilərimiz qeyd ediblər ki, Festivalda ermənilər həmişə olduğu kimi özlərinə məxsus şəkildə təxribata əl atıblar. Belə ki, Ermənistanı təmsil edən gənclər məqsədli şəkildə öz stendlərində Dağlıq Qarabağa aid broşürlər paylamağa cəhd edib, eyni zamanda, öz ölkələri ilə bağlı masalarının üstünə qoyduqları kitabda Dağlıq Qarabağ və ona bitişik işğal etdikləri 7 rayonumuzu öz əraziləri kimi təqdim edərək, festival iştirakçılarını bu məkirli təbliğatlarına inandırmaq istəyiblər. Lakin düşmən ölkənin təmsilçilərinin bu istəklərinin qaşısı vaxtında alınıb. Azərbaycan heyəti bu barədə dərhal Festival təşkilatçılarına və Rusiyanın Xarici İşlər Nazirliyinə məlumat verib. Gənclərimiz "Gəlin festivalın ruhuna riayət edək!" şüarı altında iki - rus və ingilis dillərində bəyanat hazırlayıb müvafiq qurumlara göndərib və festival iştirakçılarına paylayıblar.

       Bəyanatda yazılıb: "Hörmətli XIX Ümumdünya Tələbə və Gənclər festivalının iştirakçıları! Biz Azərbaycan Respublikasının nümayəndələri olaraq, Azərbaycan Respublikasının beynəlxalq hüquq prinsiplərini və beynəlxalq aləmdə tanınan sərhədlərini, eləcə də suveren ərazilərini pozan Ermənsitan Respublikasının stenddində nümayiş etdirilən materillara öz kəskin etirazımızı və dərin narahatlığımızı bildiririk. Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 ətraf rayon Ermənistan tərəfindən işğal olunub. Dünyada bir sıra beynəlxalq təşkilatlar - BMT, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və bütün suveren ölkələr (o cümlədən Rusiya Federasiyası) tərəfindən bu ərazilər Azərbaycan Respublikasının ərazisi kimi tanınır. Biz, işğal edilmiş 20% Azərbaycan ərazisi, eləcə də ona bitişik 7 rayon barədə məlumatların Ermənistan Respublikasının ərazisi kimi öz stendlərində çap və vizual məhsullarla paylanılmasını qəbuledilməz hesab edirik. Bu hərəkət birbaşa olaraq Festivalın dostluq, əməkdaşlıq və hörmət kimi ideyalarının əksinədir. Biz, Ermənistan nümayəndələrindən Festivalın qaydalarına riayət etməyi və təşkilatçıları müvafiq qərar qəbul edərək, Ermənistan stenddindən bütün təxribatçı materialların ləğv edilməsinin təmin edilməsini tələb edirik!"

     Festivalda iştirak edən gənclərimiz özləri olduqca gözəl və böyük bir stend qurublar ki, bununla da festivalda iştirak edən əcnəbilərin diqqətini cəlb edə biliblər. Onlar Azərbaycanın milli adət-ənənələrindən, tarixindən, mədəniyyətindən, mətbəxindən əcnəbilərə məlumat verməkdən böyük qürur hissi keçirdiklərini bildiriblər. Gənclərimiz əcnəbi oğlanların bizim milli papaqda, qızların isə Azərbaycan milli baş örtüyü olan YUNESKO-nın Qeyri-Maddi Mədəni İrsi siyahısına salınmış kəlayağıda şəkil çəkdirdiklərini görəndə, milli mətbəximizə aid şirniyyatlarımızdan - şəkərbura, paxlava, şorqoğal və digər şirniyyatlardan dadıb öz məmnunluqlarını bildirəndə çox sevindiklərini, qürur hissi keçirdiklərini - deyiblər.

       "Festival bizə çoxlu dostlar, təcrübə, özümüzü - tariximizi, mədəniyyətimizi dünyaya tanıtmaq və ən əsası isə gənclərimiz adından sözümüzü dünyaya çatdırmaq imkanı verdi" deyən Ələkbər Mirzəyev sonda BSU təmsilçiləri adından onlara bu gözəl imkanı yaratdıqlarına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, eləcə də Bakı Slavyan Universitetinin rəhbərliyinə öz minnətdarlığını bildirib.

        Qeyd edək ki, Ümumdünya Tələbə və Gənclər festivalı dünyada ilk dəfə 1947-ci ildə Çexiyanın Praqa şəhərində keçirilib. İlk festival - "Sülh, həmrəylik və sosial ədalət naminə biz imperializmlə mübarizə aparıb, keçmişimizə hörmət edərək gələcəyimizi qururuq" şüarı altında keçirilib.

        Festivalın əsas məqsədi "dünya gənclərinin birlikdə əqidəsindən, dinindən, milliyyətindən asılı olmayaraq dünyamızı daha da yaxşı, daha da gözəl, xoşbəxt, müharibəsiz və heyətamiz necə etmək olar?" - sualına cavab tapmağa nail olmaq olub.