BSU-da Türkiyə Cümhuriyyətinin 94 illiyi ilə bağlı tədbir keçirilib

      

     Oktyabrın 30-da Bakı Slavyan Universitetində “İslam Həmrəyliyi İli” çərçivəsində Türkiyə Cümhuriyyətinin yaranmasının 94 illiyinə həsr olunmuş tədbir keçirilib. Türkiyə araşdırmaları tədris-mədəniyyət mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Mustafa Kamal Atatürklə onun silahdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

     Tədbirdə çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova Cümhuriyyət bayramı ilə bağlı fikirlərini bölüşüb. Azərbaycan və Türkiyənin dostluq və qardaşlığının dərin kökləri olduğunu deyən X.Sultanova türk millətinin tarix boyu öz torpaqlarını qanı bahasına qoruduğunu, nə qədər türkün qanı var, Cümhuriyyət bayramının hər il təntənə ilə qeyd olunacağını vurğulayıb. Prorektor nitqinin sonunda Cümhuriyyət bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

     Sonra BSU-nun tələbəsi Nuhbala Əliyev, universitet nəzdində Məktəb-Lisey Kompleksinin şagirdləri Firuzə Qasımzadə və Xədicə Heydərli “Cumhuriyet yaşamdır, yaşasın Cumhuriyet” şeirini türk dilində oxuyublar.

     29 Oktyabr Cümhuriyyət bayramının mahiyyəti ilə bağlı çıxış edən Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Natiq Abdullayev qeyd edib ki, Cümhuriyyət bir idealdır. O deyib: “Bu idealı dərk edən hər kəs millətinin inkişafı istiqamətində dərin zəkaya malik olmaq gərəkdiyinin fərqinə varmalıdır. Mustafa Kamal Atatürk həmin zəkaya sahib Cümhuriyyət qurucusu idi”.

     Çıxışın ardından BSU-nun tələbəsi Nuhbala Əliyevin “Keçmişdən bu günə Cümhuriyyət” adlı türk dilində məruzəsi dinlənilib, mövzuyla bağlı slayd təqdim ounub.

     Türkiyə Qafqaz Universitetinin tələbəsi Onur Aydoğdu “Cümhuriyyət və biz” məruzəsi ilə çıxış edib. Türkiyəli tələbə çıxışı zamanı Cümhuriyyət bayramının təntənə ilə BSU-da qeyd olunmasını Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu bir daha sübut etdiyini deyərək, verilən dəyərə görə universitet rəhbərliyinə minnətdarlıq edib.

     Tədbirin davamında BSU-da təhsil alan azərbaycanlı və türkiyəli tələbələrin ifasında “Onuncu Yıl Marşı” və “İzmir Marşı” xor şəklində ifa olunub, eləcə də “Bu gün”, “Akdeniz”, “Cumhuriyet”, “29 Ekim”, “Atatürk” şeirləri səsləndirilib.

 

BSU-nun mətbuat xidməti