BSU-da elmi-praktik konfrans keçirilib

    

     Oktyabrın 26-da Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrası nəzdində fəaliyyət göstərən Sosial-psixoloji xidmət mərkəzinin təşkilatçılığı ilə “Müasir psixologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

      Konfransda “Təşəbbüs” Xeyriyyə İctimai Birliyinin sədri Arzu Məsiyev, Sağlam Gələcək Mərkəzinin təsisçisi və direktoru Orxan Şabanov, eləcə də psixoloq, psixoterapevt Süleyman Məmmədzadə qonaq qismində iştirak ediblər.

     Konfransa açılış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova iştirakçıları salamlayaraq qonaqları auditoriyaya təqdim edib. Prorektor Sosial-psixoloji xidmət mərkəzi tərəfindən BSU-da keçirilən silsilə tədbirləri, Pedaqogika və psixologiya kafedrası nəzdində fəaliyyət göstərən Tələbə Psixoloqlar Klubunun keçirdiyi aksiyaları, gəncləri maarifləndirmə istiqamətində təşkil olunan çoxlu sayda seminarları yüksək qiymətləndirib. X.Sultanova hazırki dövrdə belə tədbirlərin gənc nəsil üçün böyük əhəmiyyətə malik olduğunu deyərək konfransın işinə uğurlar arzulayıb.

      Konfransın moderatoru Pedaqogika və psixologiya kafedrasının dosenti Gülnarə Həsənova iştirakçılara Sosial-psixoloji xidmət mərkəzinin işi barədə ətraflı məlumat verərək, mərkəzin üç illik fəaliyyətini əks etdirən slaydı təqdim edib. Sosial-psixoloji xidmət mərkəzinin bu illər ərzində mühüm layihələr həyata keçirdiyini qeyd edən G.Həsənova təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan BSU tələbələrinin qatıldığı maarifləndirici tədbilər, yüksək nailiyyətlərinə görə aldıqları sertifikatlar və digər işlər barədə söz açıb. O bildirib ki, kafedra nəzdində yaradılan Tələbə Psixoloqlar Klubuna üzv olan tələbələr mütəmadi olaraq Bakıdakı “SOS Uşaq Şəhərciyinə baş çəkir, oradakı uşaqlarla artıq peşəkar psixoloq kimi məşğul ola bilir, daim onlarla ünsiyyətə girir və  uşaqların problemləri ilə maraqlanırlar.

      Konfransda BSU-nun pedaqogika və psixologiya fakültəsinin III kurs tələblərinin müxtəlif mövzuları əhatə edən məruzləri dinlənilib. Həmin tələbələrdən Vəsilə Abdullayeva “Stress probleminin bəzi aspektləri”, Aydın Ağayev “Kiçik yaşlı çətin məktəbli uşaqlarla psixoloqun işi”, Jalə Əhmədova “Azərbaycanda inklüziv təhsilin inkişafının əsas istiqamətləri”, Sevil Bağırova “Uşaq yalanları ilə psixoloqun işi”, Firuzə Bağırova “Məktəbəqədər uşaqların tərbiyəsində rəğbətləndirmə və cəzalandırma problemi”, Orxan Mahmudov “Uğur psixologiyası”, Gültac Şahbazova “Kiçik məktəbli uşaqlarda art-terapiya elementlərindən istifadə” adlı məruzlərlə çıxış ediblər.

    Konfransda tələblərlə yanaşı BSU nəzdində Məktəb-Lisey Komlepksinin psixoloqu Yeganə Özçələbinin “Həyəcanlı uşaqlarla məktəb psixoloqunun işi” və psixoloq Heyranxanım İbrahimovanın “Diqqət çatışmazlığı və hiperaktiv sindromu olan uşaqlarla psixoloqun işi” mövzusunda məruzləri dinlənilib.

      Çıxışların ardından mövzular ətrafınfa fikir mübadiləsi aparılıb, tələbələrin çoxsaylı sualları cavablandırılıb.

      Sonda tədbirdə çıxış edən məruzəçilərə sertifikat təqdim olunub.

 

                                                                                BSU-nun mətbuat xidməti