Oktyabrın 25-də Bakı Slavyan Universiteti Heydər Əliyev adına tədris mərkəzində BSU-nun Diplomatlar Klubunun ilk iclası keçirilib.
İclasın əvvəlində klubun yeni sədri, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin III kurs tələbəsi Vəliş Balakişiyev klubun fəaliyyəti, məqsədi və qarşıya qoyulan məsələlər barədə iştirakçılara ətraflı məlumat verib.
Sonra Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd universitetdə Diplomatlar Klubunun yaradılması və tələbələrin bura cəlb edilməsini yüksək qiymətləndirib. O qeyd edib ki, iki ildir fəaliyyət göstərən klubun həyata keçirdiyi layihələr tələbələrin gənc diplomat kimi yetişməsində mühüm rol oynayır. Klub üzvlərinə öz tövsiyələrini verən Ə.Əhməd gənc diplomatlara uğurlar arzulayıb.
İclasın sonunda Diplomatlar Klubunun yeni idarə heyəti ilə tanışlıq olub.
Qeyd edək ki, Diplomatlar Klubu BSU-da fəaliyyət göstərən ən fəal klublar sırasındadır.