BSU-da “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib

 “Gənclər arasında İslam həmrəyliyi ilə bağlı maarifləndirmə işlərinin aparılmasına dəstək”

   

     Oktyabrın 23-də Bakı Slavyan Universitetində “Gənclər arasında İslam həmrəyliyi ilə bağlı maarifləndirmə işlərinin aparılmasına dəstək” adlı növbəti tədbir keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq keçirilən tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və “Uğur” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

     Əvvəlcə tələbələr arasında İslam həmrəyliyi ilə bağlı sorğu keçirilib.

     Sorğunun ardından “Uğur” İctimai Birliyinin sədri Əlövsət Allahverdiyev layihənin mahiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Gənclər Fondu tərəfindən irəli sürülən aktual məsələlərə dövlət tərəfindən daim dəstək verildiyini deyən Ə.Allahverdiyev İslam həmrəyliyi ilə bağlı gənclər arasından təbliğatın aparılması məsələsindən söz açıb. O, qeyd edib ki, İslam dininin böyük tarixi var və bu tarixin öyrənilməsi olduqca vacibdir. Son zamanlar İslama qarşı qərəzli mövqe tutulması hallarının müşahidə edildiyini təəssüflə qeyd edən  Ə.Allahverdiyev bildirib ki, hazırda dünyada bu dinin adı terrorçuluqla bərabər çəkilir. O, bu kimi qərəzli mövqelərin qarşısını almaq üçün İslam dininin düzgün təbliğinin və gənclərə bu dinin mahiyyətini izah etməyin vacibliyini diqqətə çatdırıb.

     Tədbirdə çıxış edən f.ü.e.d, ekspert Mütəllim Rəhimov bildirib ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Burada müxtəlif dinlərə və məzhəblərə mənsub insanlar mehriban şəraitdə yaşayırlar. M.Rəhimov Prezident İlham Əliyevin İslam dininə xüsusi əhəmiyyət verərək, 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsini həmrəyliyin həm İslamın daxilində, həm də dünya dinləri içərisində təbliği kimi qiymətləndirib. Gənclərə bu dinin tarixi ilə bağlı mühüm məlumatlar verən ekspert, hazırkı mürəkkəb tarixi mərhələdə İslam həmrəyliyinin əhəmiyyətindən geniş söz açıb.

     Tədbirdə çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova Azərbaycanın dünyada dini və milli ayrı-seçkiliyə yol verilməyən nadir ölkələrdən olduğunu qeyd edib. İslamın insanları humanizmə, sülhə və əmin-amanlığa çağıran din olduğunu deyən X.Sultanova Azərbaycanda şiələr və sünnilərin eyni məsciddə namaz qılmasını buna nümunə kimi göstərib. Prorektor BSU-da “İslam Həmrəyliyi İli” çərçivəsində mütəmadi olaraq tədbirlərin keçirilidiyini, universitet rəhbərliyinin gənclərin bu istiqamətdə maariflənməsinə böyük önəm verdiyini deyib.

    Tədbirin təşkilatçıları və çıxışçılar tədbirin keçirilməsinə dəstək verdiyi üçün Bakı Slavyan Universitetinin rəhbərliyinə öz münnətdarlıqlarını bildiriblər.

     Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

BSU-nun mətbuat xidməti