BSU-da “BİR” Tələbə-Könüllü proqramının təqdimatı keçirilib

      

    Oktyabrın 18-də Bakı Slavyan Universitetində I kurs tələbələri üçün “BİR” Tələbə-Könüllü proqramının təqdimatı keçirilib. Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib.

     Təqdimatın aparıcısı Səfər Məmmədov “BİR” Tələbə-Könüllü proqramı barədə tələbələrə ətraflı məlumat verib. O, qeyd edib ki, bu proqram Təhsil Nazirliyinin tabeçiliyində olan 36 ali və orta təhsil müəssisəsini əhatə edir. “Bir” könüllü olmaq gənclərə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak etməyə geniş şərait yaradır. Bundan başqa, könüllü olmaq tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, eləcə də komanda ruhunu formalaşdıran kollektiv oyunlarda yeni dostlar qazanmağa imkan verir.

     Sonra “BİR” Tələbə-Könüllü Proqramının 2016-cı il üzrə hesabat video-çarxı nümayiş olunub.

     Tədbirdə çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə zalda əyləşən tədbir iştirakçılarını təbrik edib. O, “Bir” könüllü olmağın gənclər üçün əhəmiyyətindən danışıb və tələbələri proqramda fəal iştirak etməyə səsləyib. X.Sultanova Formula 1 Avropa Qran-prisi ərəfəsində “Bir” Tələbə-Könüllüləri arasında keçirilən kartinq çempionatında birincilik qazanan pedaqoji fakültənin III kurs tələbəsi, Bakı Slavyan Universitetinin tələbə-könüllüsü Ramin Əsgərovu tədbir iştirakçılarına təqdim edib. Prorektor universitetə qalibiyyət gətirdiyi üçün yarışın ən sürətli pilotu Ramin Əsgərova minnətdarlıq edib.

     TN-nin “BİR” Tələbə-Könüllü proqramının meneceri Canoğlan İlyasov çıxışında bildirib ki, ölkəmizdə 150-dən çox irimiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər boyük rol oynayır. C.İlyasov könüllər üçün yaranan karyera imkanlarından da söz açıb. O, “BİR” Tələbə-Könüllü proqramının BSU üzrə vaxtilə koordinatoru olan tərcümə fakültəsinin IV kurs tələbəsi Məmmədəli Həsənovun hazırda Təhsil Nazirliyinin əməkdaşı olduğunu deyərək, potensiallı gənclər üçün könüllü olmağın perspektivindən danışıb.

     “BİR” Tələbə-Könüllü proqramının vaxtilə BSU üzrə koordinatorları olan Məmmədəli Həsənov və Fidan Qazaxova öz təcrübələrini gənclərlə bölüşüblər. M.Həsənov proqramın BSU üzrə yeni koordinatoru Ümid Məmmədovu iştirakçılara təqdim edib. Koordinatorlar tələbələri “Bir” könüllü olaraq proqram çərçivəsində həyata keçirilən layihələrdə fəal olmağa səsləyiblər.

     Tədbirdə iştirak edən "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin nümayəndələri Formula 1 Avropa Qran-prisi barədə iştirakçılara ətraflı məlumat verərək, Azərbaycanda keçirilən Formula 1 zamanı könüllülərin fəaliyyətini əks etdirən video-çarxı təqdim ediblər.

     Təqdimat zamanı BSU-nun “Arzu” rəqs ansambılının nümayiş etdirdiyi rəqslər və tələbələrin ifasında səsləndirilən mahnılar tədbirə daha da maraq qatıb.

                                   

                                                                                       BSU-nun mətbuat xidməti