BSU-nun Gənc Jurnalistlər Klubu görüş keçirib

      

     Oktyabrın 16-da Bakı Slavyan Universiteti Heydər Əliyev adına tədris mərkəzində Gənc Jurnalistlər Klubunun təşkilatçılığı ilə tələbə jurnalistlərlə ilk görüş keçirilib.

     Görüşdə tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova, Azərbaycan filologiyası və jurnalistika fakultəsinin dekanı, dosent Nuridə Novruzova, jurnalistika kafedrasının müdiri, dosent Şəlalə Həsənova, adıçəkilən kafedranın müəllimləri - professor Etibar Babayev, dosent Vüqar Rəhimzadə, dosent Mübariz Əhmədov və müəllim Səbinə Məmməmova iştirak ediblər.

     Görüşə açılış edən fakültə dekanı, dosent Nuridə Novruzova tədbir iştirakçılarını  salamlayıb, jurnalistika ixtisası üzrə təhsil alan gənc tələbələrə bu peşənin maraqlı cəhətləri barədə məlumat verib.

      Sonra Gənc Jurnalistlər Klubunun sədri, jurnalistika ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Mətin Oğuz klub barədə geniş məlumat verib. O, qarşıdakı tədris ili  ərzində plan üzrə görüləcək işlər, qarşıya qoyulan məqsədlərlə bağlı tədbir iştirakçılarını tanış edib.

     Görüşdə çıxış edən prorektor Xanım Sultanovaya tələbə jurnalistlərə öz tövsiyələrini verib, onlara yaradıcılıq işlərində uğurlar arzulayıb və daim dəstək olacağını qeyd edib.

     Əməkdar jurnalist, professor Etibar Babayev tələbələrin ümumi dünyagörüşünün və intellektinin inkişaf etdirilməsi istiqamətində geniş söhbət açıb. O, klub üzvlərinə maraqlı təkliflər verməklə yanaşı, onlara öz köməkliyini əsirgəməyəcəyini də vurğulayıb.

     Daha sonra görüşdə bir-birinin ardınca çıxış edən kafedra müdiri, dosent Şəlalə Həsənova, kafedranın dosentləri Vüqar Rəhimzadə və Mübariz Əhmədov da,  Gənc Jurnalistlər Klubu haqqında öz təkliflərini bildirib, gənclərin yeni ideyalarına dəstək olacaqlarını qeyd ediblər.

     Qeyd edək ki, Gənc Tələbə Jurnalistlər Klubu BSU-da fəaliyyət göstərən ən fəal klublar sırasındadır.