Lütfizadə Çerniqovda yad edilib

       

     Oktyabrın 10-da Bakı Slavyan Universitetinin Çerniqov Milli Texnologiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzi, adıçəkilən universitetin Maliyyə-iqtisad fakültəsinin İqtisadiyyatda informasiya sistemləri kafedrası ilə birgə dünya şöhrətli görkəmli alim, qeyri-səlis məntiq və kibernetika nəzəriyyəsinin banisi Lütfizadənin xatirsənə həsr edilmiş tədbir keçirib.

     Tədbirdə Mərkəzin direktoru, ÇMTU-nun Maliyə-iqtisad fakültəsinin dekanı, professor Marina Yevgeniyevna Yurçenko və İqtisadiyyatda informasiya sistemləri kafedrasının müdiri, professor Andrey Nikolayeviç Akimenko çıxış edərək Lütfizadənin dünya elminə verdiyi töhfələrdən danışıblar.

     İqtisadiyyatda informasiya sistemləri kafedrasının dosenti Natalya Vladimirovna Şaxovnina, Azərbaycan – Ukrayna mənşəli görkəmli alimin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

     Tədbirdə Lütfizadənin müasir idarəetmə elminin əsasını təşkil edən və ən müasir diskret, eləcə də rəqəmsal sistemlərin yaradılması texnologiyasına ciddi təsir edən fundamental nəzəriyyəsinin əsas nailiyyətləri təqdim edilib. Mərasimdə Çerniqov  Milli Texnologiya Universitetinin birinci, ikinci, üçüncü kurs tələbələri və magistrantlar iştirak ediblər.

     Qeyd edək ki, bu il sentyabrın 20-də Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq  Novruzov və universitetin Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov Çerniqov Milli Texnologiya Universitetində olublar. Alimlərimiz Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan Mədəni-Tədris Mərkəzinin və ÇMTU nəzdində Bazar Günü Azərbaycan Məktəbinin açılışında iştirak ediblər. Bakı Slavyan Universiteti ilə Çerniqov Milli Texnologiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.