BSU-da Müəllimlər Günü qeyd olunub

      

     Oktyabrın 5-də Bakı Slavyan Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

     Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin müəllim heyətini bu əlamətdar gün münasibətilə təbrik edib. O, Bakı Slavyan Universitetinin təhsildə qazandığı uğurları, məhz universitetdə çalışan müəllimlərin sayəsində ərsəyə gəldiyini bildirib. Professor N.Əliyeva müəllimi olmayan millətin gələcəyinin olmadığını vurğulayıb. BSU rektoru Azərbaycanın dövlət siyasətində müəllimə daim hörmət və qayğının xüsusi yer tutduğunu nəzərə çatdırıb.

     Rektor Ümumilli lider Heydər Əliyevin “Mən həyatda qazandığım bütün uğurlara görə müəllimlərimə borcluyam!” fikrini xatırladıb. Professor N.Əliyeva çıxışının sonunda  ölkəmizin parlaq gələcəyi üçün sağlam düşüncəli gənclərin yetişməsində əvəzsiz xidməti olan müəllimlərə bir daha minnətdarlığını bildirib.

   Sonra Respublika Veteranlar Təşkilatının üzvü Hacı Tofiq Seyidzadə çıxış edərək, BSU-nun professor-müəllim heyətini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib və müəllimlərə həsr etdiyi şeirini səsləndirib. O, vaxtilə tələbəsi olduğu M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun müəllimlərinə onun üzərində çəkdikləri zəhmətlərinə görə minnətdarlıq edib.

     Tədbir konsert proqramı ilə davam edib. Universitetin “Arzu” rəqs ansamblının  hazırladığı rəqslər nümayiş olunub, tələbələrin ifasında şeir və mahnılar səsləndirilib. Sonda BSU-nun foyesində universitetin Gənc Rəssamlar Klubu tərəfindən müəllimlərə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 BSU-nun Mətbuat xidməti