Bakı Slavyan Universiteti beynəlxalq mükafata layiq görülüb

     

   Sentyabrın 26-da Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyevanın rəhbərliyi ilə rektorluğun iclası keçirilib. İclasda sentyabrın 16-dan 23-dək Çerniqov şəhərində ezamiyyətdə olmuş universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov və Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasovun hesabatları dinlənilib. Professor Rafiq Novruzov səfərin Çerniqov Milli Texnologiya Universitetinin rəhbərliyinin dəvəti ilə baş tutduğunu bildirib. O, səfər çərçivəsində Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan Tədris-Mədəniyyət Mərkəzinin və Çerniqov Milli Texnologiya Universiteti (ÇMTU) nəzdində Azərbaycan dilində olan Bazar Günü Məktəbinin açılması barədə məlumat verib. Sonra prof. R.Novruzov Bakı Slavyan Universiteti ilə Çerniqov Milli Texnologiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə və BSU ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti və Çerniqov Milli Texnologiya Universiteti arasında əməkdaşlıq barədə memorandum imzalandığını bildirib.

     Prof. R.Novruzov daha bir əlamətdar hadisə barədə məlumat verib. O, Çerniqov Milli Texnologiya Universitetinin Elmi Şurasının qərarı ilə BSU-nun rektoru, professor N.Əliyevaya elmi və ictimai fəaliyyətinə görə Fəxri professor adının verildiyini bildirərək, diplom və medalı ona təqdim edib.

     Prof. R.Novruzov sonra universitetə daha bir sevindirici xəbərin daxil olduğunu qeyd edib. O, BSU rektoru, professor Nurlana Əliyevanın Beynəlxalq Sokrat Komitəsi tərəfindən uzunmüddətli vicdanlı və qüsursuz əməyə, peşəkarcasına məsul qərar qəbul etməsinə, elmi və ictimai sahədəki fəaliyyətinə görə “The Name in Science” fəxri mükafatına layiq görüldüyünü bildirib. Prof. R.Novruzov “The Name in Science” tituluna layiq görülmüş şəxsin mavi lentdə üzərində “Dünya elmini zənginləşdirməyə görə” yazılmış orden, Sokratın barelyefini, “Alimə eşq olsun” yazılı xatirə lövhəsini aldığını və adının dünyanın görkəmli alimlərinin beynəlxalq reyestrinə daxil edildiyini bildirib. O, mükafatın oktyabrın 6 və 7 tarixlərində Fransanın Kann şəhərində keçirələcək İşgüzar Zəfərlər və European Awards Night Beynəlxalq Festivalında BSU rektoruna təqdim ediləcəyini diqqətə çatdırıb.

    Prorektor, həmçinin Bakı Slavyan Universitetinin də “Ən yaxşı təhsil müəssisəsi” (“Best Educational İnstition Award”) Beynəlxalq mükafatına layiq görüldüyünü bildirib. O, bununla bağlı rektora ünvanlanmış məktubda aşağıdakı fikirlərin səsləndiyini deyib: “Müsəssisənin Sizin rəhbərliyiniz altında uğurlu və qüsursuz fəaliyyəti Avropa Biznes Assambleyasının Beynəlxalq Sokrat Komitəsinə Bakı Slavyan Universitetini bu mükafata təqdim etməyə imkan vermişdir.

     Sonra Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Sahibə Qafarova, tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, BSU-nun jurnalistika kasfedrasının dosenti, əməkdar jurnalist Etibar Babayev və digərləri qazanılmış uğurlar münasibətilə universitetin rektorunu təbrik edib və beynəlxalq əlaqələrin genişləndirilməsi üçün öz təklif və tövsiyələrini veriblər.

     BSU-nun rektoru, professor N.Əliyeva bu mükafatlarda universitetin hər bir əməkdaşının əməyi olduğunu və bu mükafatın tək ona yox, bütün kollektivə verildiyini vurğulayıb. Prof. N.Əliyeva YUNESCO-nun Fəxri diplomuna layiq görülməsinin ardınca BSU-nun bu mükafatları almasına görə, professor - müəllim heyətindən tutmuş texniki işçilərə qədər hamıya minnətdarlığını bildirib. Rektor N.Əliyeva sonda onu qeyd edib ki, bu mükafat bizi arxayın salmamalı, daha da məsuliyyətli işləməyə ruhlandırmalıdır.

 

 

                                                        BSU-nun Mətbuat xidməti