BSU-da sənəd qəbulu elektronlaşdırılıb

     Artıq ikinci gündür ki, Bakı Slavyan Universitetində (BSU) tələbələrin qeydiyyatı aparılır. Qeydiyyat universitet rəhbərliyinin göstərişi ilə tam sadələşdirilib. Birinci mərtəbədəki geniş foyedə universitetin keçdiyi tarixi yolu və onun bu gününü əks etdirən məlumat lövhələri asılıb, fakültə və ixtisaslar barədə informasiyalar yerləşdirilib. Sənəd qəbulu bütünlüklə elektronlaşdırılıb, ortaya çıxan problemlər baza məlumatı əsasında yerindəcə həllini tapır.

     Bu barədə dosent Nəsib Cəbrayılov məlumat verib. Onun sözlərinə görə, artıq birinci turda plan üzrə yerlərin 85 faizi dolub. Bu il universitetə 1085 tələbənin qəbulu nəzərdə tutulub və həmin yerlərdən artıq 920-si dolub. Yerdə qalan 165 tələbə ikinci turda universitetə müraciət edəcək. Bu il BSU-nu seçən abituriyentlərin sayı ötənilkindən 100 nəfər artıq olub. Bu, universitetin getdikcə daha artıq nüfuz qazanması, texniki və tədris keyfiyyətinin yüksəlməsi ilə əlaqədardır.

     BSU-nun elmi işlər üzrə prorektoru Rafiq Novruzov deyib: “Ötən il BSU-da aparılan əsaslı təmir işləri, auditoriyaların müasir avadanlıqlarla təchizi, tədrisin keyfiyyətcə yüksəlməsi, mühazirə oxumaq üçün tez-tez xarici ölkələrdən nüfuzlu alimlərin universitetə dəvət olunmaları, azərbaycanlı tələbələrin təcrübə keçmək üçün xarici ölkələrə səfərləri və bu kimi amillər əhali arasında bu ali təhsil ocağına marağı daha da artırıb. Hər il onlarla tələbəmiz BSU ilə müqaviləsi olan ayrı-ayrı ölkələrin universitetlərinə göndərilir. Bu sırada biz Bolqarıstanın, Çexiyanın, Rumıniyanın, Ukraynanın, Belorusyanın, Rusiyanın, Yunanıstanın və s. ölkələrin məşhur universitetlərini qeyd edə bilərik. BSU yüksək hazırlıqlı kadrlar yetişdirmək üçün bütün imkanlardan səmərəli istifadə edir”.

     Qeyd edək ki, universitetdə fəaliyyət göstərən beş fakültədə 30-a yaxın ixtisas tədris edilir. Bu ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı ixtisasları üzrə qiyabi təhsil də mümkündür.