BSU-da Atatürkü Anma, Gənclik və İdman bayramı qeyd olunub

          

     Mayın 15-də Bakı Slavyan Universitetinin (BSU) Türkiyə araşdırmaları tədris və mədəniyyət  mərkəzinin təşkilatçılığı ilə 19 may Atatürkü Anma, Gənclik və İdman bayramına həsr olunmuş tədbir keçirilib.

     Tədbirin əvvəlində Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himni səsləndirilib.

     Çıxış edən Yunis Əmrə İnstitutunun Bakı ofisinin müəllimi Fatma Büşra iştirakçıları ofisin rəhbəri  İbrahim Yıldırım adından salamlayaraq Atatürkü Anma, Gənclik və İdman bayramı barədə məlumat verib. F.Büşra qeyd edib ki, Osmanlı imperiyasının I Dünya Müharibəsində məğlub olmasından sonra Türkiyənin böyük hissəsi işğal edilib. Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək 1919-cu il mayın 19-da Samsun şəhərində milli azadlıq hərəkatına start verib. Üç il davam edən mübarizədən sonra ölkə xarici qüvvələrdən xilas edilib. Mustafa Kamal paşanın Samsuna çatma tarixi olan 19 may onun istəyi ilə hər il Gənclik və İdman bayramı kimi qeyd olunub. 1981-ci ildən bəri isə bu bayrama “Atatürkü Anma” günü də əlavə olunub. Fatma Büşra bildirib ki, bu tarix hər il rəsmi qaydada Atatürkü Anma, Gənclik və İdman bayramı, o cümlədən Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün doğum günü kimi qeyd olunur.

     Tədbirdə çıxış edən BSU-nun Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müəllimi Natiq Abdullayev Türkiyədə təhsil aldığı illərdə Atatürklə bağlı keçirilən tədbirlər barədə xatirələrini bölüşüb. N.Abdullayev 19 may tarixinin Türkiyənin şanlı səhifələrindən biri olduğunu qeyd edərək türk gəncliyini öz tarixini unutmamağa səsləyib.

     Sonra BSU tələbələri və universitet nəzdində Məktəb Lisey Kompleksinin şagirdi Firuzə Qasımzadə, Bakı Türk Anadolu Liseyinin şagirdi Fərhad Teymurov “19 May”, “Bayraq”, “Samsuna doğru” adlı şeirlər səsləndirib, “İzmir marşı” və Atatürkün sevdiyi mahnıları xor şəklində ifa ediblər.

     Tədbirdə BSU tələbələri Atatürkün gəncliyə xitabı və Gəncliyin Atatürkə cavabını oxuyub, Atatürklə bağlı xatirələrdən danışıblar.

     Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova 19 May bayramının “Bir millət, iki dövlət” sayılan Azərbaycan və Türkiyə üçün ortaq bayram olduğunu deyərək iki qardaş ölkə arasındakı milli irs və bərabərlikdən söz açıb. “Türkün ayaq basdığı yer Vətəndir!” söyləyən X.Sultanova türk soyunun müqəddəs adət- ənənələrə sahib olduğunu bildirib.

     Yunis Əmrə İnstitutunun Bakı ofisinin təhsil üzrə koordinatoru Ali İhsan Çevik yüksək təşkilatçılığa görə Türkiyə araşdırmaları tədris və mədəniyyət  mərkəzinə minnətdarlığını bildirib. A.İ.Çevik çıxışında Yunis Əmrə İnstitutunun yaranması, fəaliyyəti, burada təşkil edilən kurslar və imtahanlar barədə ətraflı məlumat verib. Yunis Əmrə İnstitutunun Bakı ofisi və Təkamül Beynəlxalq İnteqrasiya İctimai Birliyinin bərabər təşkil etdiyi "Qarabağın Səsi" layihəsindən söz açan A.İ.Çevik bildirib ki, bu layihə Qarbağ bölgəsində qaçqın həyatı yaşayan gözəl səsə sahib istedadlı gənclər arasında keçirilir. A.İ.Çevik bildirib ki, müsabiqənin final mərhələsinin yaxın günlərdə Bakıda baş tutacaq.

     Sonda Yunis Əmrə İnstitutunun fəaliyyətini əks etdirən slayd nümayiş olunub.

BSU-nun Mətbuat xidməti