BSU-da akademik Zərifə Əliyeva anılıb

     26 aprel BSU-nun  İbtidai təhsil kafedrasının təşkilatçılığı ilə görkəmli  elm xadimi, akademik, görkəmli oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 94 illiyinə həsr olunmuş tədbir keçirilib.  Tədbirdə universitetin professor-müəllim heyəti, pedaqoji və tərcümə fakültəsinin tələbələri, magistrantlar iştirak ediblər.

     Tədbiri İbtidai təhsil kafedrasının dosenti, “Auditoriya+” layihəsinin rəhbəri  Şükufə Ağakişiyeva açıb. O, tədbir iştirakçılarını salamlayaraq sözü Azərbaycan Radiosunun ədəbiyyat və  incəsənət redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Şəfəq Əlixanlıya verib.

     Şəfəq Əlixanlı çıxışında akademik Zərifə Əliyevanın elmi, prdaqoji, ictimai fəaliyyətindən söz açıb. İnsanların zülmət dünyasına nur bəxş edən bu qadını, bir həyat yoldaşı, bir ana kimi əvəzedilməz olduğunu söyləyib.

     Sonra kafedranın dosenti Çimnaz Məmmədova Zərifə xanımın  bir insan kimi xarakterini dinləyicilərə xatirələr əsasında çatdırıb.

   Tədbirdə Zərifə xanımı şəxsən tanıyan, onun xeyirxahlığının şahidi olan Vüsalə Səfərova çıxış edib. O, 10 yaşında olarkən ağır bir xəstəliyə düçar olduğuna görə valideynlərinin onu Moskvaya aparmasından, əməliyyat zamanı Zərifə xanımın ona qayğıkeş münasibətindən danışıb.

   Sonda Şükufə Ağakişiyeva tədbirin təşkilində göstərdiyi dəstəyə görə universitetin rektoru, professor Nurlana Əliyevaya, İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundovaya və tədbirin təşkilində fəal iştirakına görə baş müəllim Zərifə Məmmədovaya təşəkkürünü bildirib.

     Tədbirdə pedaqoji  fakültənin  tələbələri Zərifə xanıma həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.

   

BSU-nun Mətbuat xidməti