Belarus dilini öyrənmək üçün akademik lüğətlər hazırlanır

     Belarus Dövlət Pedaqoji Universitetində (BDPU) Azərbaycan dili və ədəbiyyatı, Bakı Slavyan Universitetində (BSU) isə Belarus dili və ədəbiyyatı yüksək səviyyədə tədris olunur. Bu ali təhsil ocaqları arasındakı sıx əməkdaşlıq sayəsində Belarusca-Azərbaycanca və Azərbaycanca–Belarusca danışıq lüğətləri artıq hazırdır. Ancaq bu vəsait Belarus dilini öyrənmək üçün kifayət deyil. Bu səbəbdən BSU-da akademik lüğətlərin hazırlanması istiqamətində işlərə başlanılıb.

    BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov  bildirib ki, Belarus ədəbiyyatının dilimizə, Azərbaycan ədəbiyyatının isə Belarus dilinə tərcümə edilməsi vacibdir. O deyib: “Belarus klassiklərinin bəzi nümunələri Azərbaycan dilinə çevrilsə də, müasir Belarus ədəbiyyatındakı proseslər azərbaycanlı oxucular üçün qaranlıq qalır. Eləcə də Azərbaycan ədəbiyyatı Belarusda lazımı səviyyədə təbliğ olunmur. Buna görə də müasir yazıçı və şairlərin əsərlərinin sistemli və qarşılıqlı tərcüməsinə ehtiyac var. Hələlik öz imkanlarımız hesabına bu istiqamətdə bəzi işlər görmək niyyətindəyik”.