BSU-nun nümayəndə heyətinin Bolqarıstanın vitse-prezidenti İliyana Yotova ilə görüşü

     

     Martın 19-dan 22-nə qədər Boqlarıstanda səfərdə olan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva və prorektorlardan ibarət nümayəndə heyəti səfər çərçivəsində Bolqarıstanın yeni vitse-prezidenti İliyana Yotova ilə görüşüb.

     Prezident iqamətgahında Azərbaycanın nümayəndə heyətini qəbul edən İliyana Yotova azərbaycanlı qonaqları öz ölkəsində görməkdən məmnun olduğunu bildirib. Vitse-prezident yaxın zamanda Azərbaycana  nəzərdə tutulmuş səfərində Bakı Slavyan Universitetinə də gələcəyini deyib. Azərbaycanda bolqar dilini tədris edən universitetin fəaliyyət göstərməsini yüksək qiymətləndirərək  bu dilə göstərilən hörmət və qayğıya görə BSU rəhbərliyinə təşəkkür edib.

     Rektor, profesor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsində bolqar dili və ədəbiyyatı bölməsinin fəaliyyətindən bəhs edərək deyib ki, BSU-nun Bolqarıstanın qabaqcıl universitetləri ilə sıx əlaqələri var. N.Əliyeva qeyd edib ki, Bolqar dili və mədəniyyəti mərkəzində Bolqarıstanın tarixi, mədəniyyəti və adətləri ilə bağlı tədbirlər, bu ölkənin dövlət, mədəniyyət və elm xadimləri ilə görüşlər təşkil edilir. Mərkəz bu ölkənin dövlət xadimləri, ictimai və mədəni həyatının nümayəndələri ilə hər il keçirilən görüşlərin təşkilində vasitəçi olan Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyi ilə daim sıx əlaqədədir. Bolqar dilini öyrənən tələbələr səfirlik tərəfindən təşkil olunan bütün tədbirlərdə fəal iştirak edir. N.Əliyeva Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək mövqedən, ölkəmizdə qadınların gündən-günə artan fəallığından danışıb onların milli maraqlar ətrafında sıx birləşməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Rektorun bu fikirləri vitse-prezident İliyana Yotova tərəfindən böyük rəğbətlə qarşılanıb.

     Qeyd edək ki, görüşdə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tərbiyə işləri üzrə prorektor Xanım Sultanova da iştirak edib.

                                                                                                                            BSU-nun Mətbuat xidməti