BSU rəhbərliyi Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetində qonaq olub

          

 

     Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın rəhbərliyi ilə prorektorlardan ibarət nümayəndə heyəti Bolqarıstan Respublikasına səfər çərçivəsində Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetində qonaq olub. BSU nümayəndələri universitetin rektoru, professor Xristo Bondjolov və həmin universitetin prorektorları ilə görüşüblər. Azərbaycanlı qonaqları qəbul edən X.Bondjolov Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəaliyyəti barədə məlumat verib. Bolqar tələbələrin Azərbaycan dili və mədəniyyətinə, bu ölkənin tarixinə olan marğından danışıb.

     BSU-nun rektoru Nurlana Əliyeva çıxışında Bolqarıstana baş tutan üç günlük səfər zamanı nəzərdə tutulmuş tədbirlər barədə görüş iştirakçılarına məlumat verib. Rektor Bakı Slavyan Universitetinin yaranma tarixi, fəaliyyəti, buradakı tədris və mədəniyyət mərkəzləri, həmçinin BSU-nun beynəlxalq əlaqələrindən söz açıb. N.Əliyeva bolqar dili üzrə kadr hazırlığından danışaraq qeyd edib ki, BSU-da bolqar dili və mədəniyyəti yüksək səviyyədə tədris olunur.

     Görüşün sonunda BSU adından Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinə xatirə olaraq hədiyyələr təqdim edilib.     Sonra rektor Nurlana Əliyeva Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetin tələbələri qarşısında “Azərbaycan Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü” mövzusunda mühazirə ilə çıxış edib. Rektorun bolqar dilində yüksək səviyyədə çıxışı bolqar müəllim və tələbələr tərəfindən böyük rəğbətlə qarşılanıb.

     Qeyd edək ki, BSU rəhbərliyini Bolqarıstanda baş tutan bütün görüşlərdə  Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova müşayiət edib.

                                                                                                                        BSU-nun Mətbuat xidməti