BSU-nun nümayəndə heyəti Bolqarıstana səfər edib

     Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın rəhbərliyi ilə universitetin prorektorlarından ibarət nümayəndə heyəti Bolqarıstan Respublikasına səfər edib. Səfər çərçivəsində BSU rəhbərliyi Bolqarıstanın Veliko Tırnovo şəhərinin meri Daniel Panov və merin müavini Qanço Karabadjakovla görüşüblər.

     Azərbaycanlı qonaqları görməkdən məmnunluğunu bildirən Daniel Panov Azərbaycan və Bolqarıstan arasındakı 25 illik tarixə söykənən dostluq münasibətlərindən söz açıb. Mer iki ölkə arasında münasibətlərin tarix boyu dostluq xarakteri daşıdığını, qarşılıqlı hörmət və marağa əsaslandığını, ölkələrimiz arasında çoxsaylı iri layihələrin həyata keçirildiyini vurğulayıb. Azərbaycan və Bolqarıstanı siyasi əlaqələrlə yanaşı elmi və mədəni əlaqələrin də bağladığını deyən D.Panov  slavyan dillərini tədris edən Bakı Slavyan Universitetində bolqar dili, tarixi və mədəniyyətinin öyrənilməsini yüksək qiymətləndirib.

     BSU-nun rektoru, professor Nurlana Əliyeva Novruz bayramı ərəfəsində Bolqarıstana baş tutan səfərin məqsədindən danışaraq bildirib ki, Azərbaycanın milli  adət-ənənlərinin, mədəni irsinin bu ölkədə təbliği Bakı Slavyan Universiteti tərəfindən atılan mühüm addımdır. Rektor Bakı Slavyan Universitetində 2004-cü ildə yaradılan Bolqar dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açaraq qeyd edib ki, BSU-da 50-dən çox tələbə bolqar dilində təhsil alır, Bolqarıstanın  tarixini və mədəniyyətini öyrənir. Bolqarıstanın qabaqcıl universitetləri ilə BSU-nun əməkdaşlığından danışan professor N.Əliyeva qeyd edib ki, azərbaycanlı tələbələr Bolqarıstanın tarixinə, etnoqrafiyasına, iqtisadi və mədəni həyatına xüsusi maraq göstərirlər.

     Sonra BSU-nun nümayəndə heyəti Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda olub.

                     

                                                                                                     BSU-nun Mətbuat xidməti