“Novruz görüşləri”

     

     Martın 13-də Bakı Slavyan Universitetində “Novruz görüşləri” adlı açıq dərs keçirilib. BSU-nun Magistratura şöbəsi və Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə baş tutan dəyirmi masa Novruz xonçası və bayram atributları ilə bəzədilib. 

     Tədbiri giriş sözü ilə açan Pedaqogika və psixologiya kafedrasının dosenti Nazim Mirzə Novruz bayramının tarixi, bu bayramın etnopedaqogikada mahiyyəti barədə məlumat verib.

     Dəyirmi masada Novruza aid video-çarx təqdim edilib. Sonra magistrantlar Novruz bayramının şifahi xalq ədəbiyyatı və yazılı ədəbiyyatda önəmi ilə bağlı maraqlı məruzlərlə çıxış ediblər. Universitetin II kurs magistrantları Günel Mustafayeva “Novruz bayramının tarixi” (Zərdüştlük izləri) və Aytac Əhmədovanın ““Kitabi-Dədəd Qorqud” dastanında qəhrəmanların həyat tərzinin Novruz mərasimlərində yaşanan izi” mövzusunda məruzələri dinlənilib.

     “Türkiyədə Novruz” məruzəsi ilə çıxış edən I kurs magistrant Yakup Özden Türkiyədə Novruz bayramı ərəfəsi bişirilən təamlar, bayram oyunları barədə məlumat verib, türk xalqı üçün Novruzun əhəmiyyətindən danışıb.

     Tədbirin moderatoru, BSU-nun II kurs magistrantı Nigar Məmmədova “Türk xalqlarında Novruz” adlı çıxışında Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Əfqanıstan, İran kimi ölkələrin Novruz adətlərinin ortaq tərəflərindən söz açıb, maraqlı faktlardan ibarət slayd təqdim edib.

     Sonra I kurs magistrantları Bilge Ersoy və Səidə Abasova “Novruz bayramı yazılı ədəbiyyatımızda”,  Samirə Əsədli “Novruz adətləri”, Aysel Daşdəmirova “Novruz bayramında çərşənbələr”, Samirə Valehova “Novruz süfrəsi” adlı məruzələrlə çıxış edərək Novruzla bağlı müxtəlif fikirlər səsləndiriblər.

     Çıxışların ardından tədbirin eksperti, İbtidai təhsil kafedrasının dosenti Çimnaz Məmmədova açıq dərslə bağlı fikirlərini iştirakçılarla bölüşüb, Novruz bayramının tarixi ilə bağlı bəzi fikirlərə aydınlıq gətirib.

     Sonda çıxış edən Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova və Pedaqogika və psixologiya kafedrasının müdiri Sevinc Axundova Novruz bayramının Azərbaycan xalqının dərin köklərə söykənən, milli adət-ənənləri özündə ehtiva edən bayram olduğunu diqqətə çatdırıblar. Novruz bayramının illərdən bəri Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il dövlət səviyyəsində təmtəraqla qeyd edildiyini deyən natiqlər bayram münasibətilə hər kəsi təbrik edib, bol ruzi, firəvan həyat arzulayıblar.

                                                                                                                                                                                 BSU-nun Mətbuat xidməti