Səfir Polşa dövlətinin Azərbaycanın yaxın müttəfiqi olduğunu bildirib

                                                            

     10 mart Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka Bakı Slavyan Universitetində (BSU) olub. Səfiri qəbul edən universitetin rektoru, professor Nurlana Əliyeva BSU ilə Polşanın aparıcı ali məktəbləri arasındakı sıx əməkdaşlıqdan, tələbə və müəllim mübadiləsindən, birgə layihələrdən, universitet tələbələrinin polyak dilinə, ədəbiyyatına, tarixinə, etnoqrafiyasına xüsusi maraqlarından söhbət açıb. N.Əliyeva qeyd edib ki, BSU təkcə təhsil sahəsində deyil, həm də ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsi, multikultural dəyərlərin xalqlar arasında bərqərar olması sahəsində ciddi işlər görür. O, BSU-nun təkcə Polşa ilə deyil, Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çexiya, Bolqarıstan, Yunanıstan və s. ölkələrlə də ciddi əlaqələrə malik olduğunu, tələbə-müəllim mübadiləsi aparıldığını, universitetdə  həmin ölkələrin mədəniyyətini, ədəbiyyatını, tarixin öyrənən mərkəzlərin fəaliyyət göstərdiyini və diqqətə çatdırıb.

     Polşa səfiri  Marek Tsalka öz növbəsində əlaqələrimizin tarixi köklərə malik olduğunu, bu gün isə çiçəklənmə dövrünü yaşadığını qeyd edib. O deyib: “Azərbaycan və Polşa xalqları arasında yaxın və səmimi münasibətlər lap qədimdən mövcuddur. Müstəqillik qazandığımız son 20 ildə isə bu əlaqələr əsl müttəfiqlik səviyyəsinə yüksəlib”. Səfir Azərbaycan torpaqlarının işğalı məsələsinə də toxunaraq, Polşa dövlətinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini nəzərə çatdırıb.  O, etibarlı əməkdaşlığın təhsil sahəsində özünü daha qabarıq şəkildə biruzə verdiyini bildirib, Polşanın ən nüfuzlu universitetinin polyak dili və ədəbiyyatı sahəsindəki aparıcı mütəxəssislərinin BSU-da işləməyə maraq göstərdiyini xüsusi vurğulayıb.

     Görüşün sonunda səfir Marek Tsalka BSU-nun müəllim-professor heyətini və tələbələrini aprel ayının sonunda Bakıda bir həftə davam edəcək Polşa filmləri festivalına dəvət edib. O, həmçinin universitet rəhbərliyini mayın 3-də Polşa Respublikası Konsititusiyası Günü münasibətilə təşkil olunacaq tədbirdə görmək arzusunda olduğunu da bildirib.

                                                                                                                                                                  BSU-nun Mətbuat xidməti