Azərbaycan ilə Ukrayna arasında münasibətlər çoxəsrlik tarixə malikdir

     

               

     Fevralın 21-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyinə həsr olunan tədbir keçirilib.

     AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətindən danışıb. Bildirilib ki, xalqlarımız arasında çoxəsrlik tarixə malik yaxın dostluq münasibətləri var və bu ənənə bu gün də davam edir. Mədəniyyət, təhsil, iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq əlaqələri sürətlə genişlənməkdədir.

     Rektor qeyd edib ki, universitetdə 2001-ci ildə yaradılmış Ukrayna Tədris - Mədəniyyət Mərkəzi ölkələrimiz arasında münasibətlərin inkişafına töhfəsini verməkdədir. Hazırda universitetin 44 tələbəsi Ukrayna dilini öyrənir.

     Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmətə əsaslandığını söyləyib. Vurğulanıb ki, istər sovet dövründə, istərsə də müasir zamanda bu münasibətlərin xüsusi statusu olub. Bu gün Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin 25 illik yubileyi qeyd edilsə də, əslində, bu əlaqələrin tarixi daha keçmiş dövrlərə təsadüf edir. Ukraynalılar özlərini Azərbaycanda, azərbaycanlılar da özlərini Ukraynada hər zaman rahat hiss ediblər. O, sovet dövründə Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Şerbitski ilə dahi şəxsiyyət Heydər Əliyev arasındakı səmimi münasibətlərin xalqlarımızın bir-birinə yaxınlaşmasında önəmli rol oynadığını diqqətə çatdırıb.

     A.Mişenko Ukraynanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Səfir təhlükəsizlik məsələsinin hər bir ölkə üçün vacib olduğunu bildirib. Vurğulayıb ki, hazırda Ukraynada 6 min azərbaycanlı tələbə təhsil alır və onların özlərini təhlükəsiz mühitdə hiss etmələri vacibdir.

     Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin xüsusilə müstəqilliyimizin bərpasından sonra sürətlə genişləndiyini vurğulayıb. O, hər iki ölkədə hökm sürən münaqişələrin tərəqqi yolunda müəyyən əngəllər yaratdığını, lakin düzgün seçilmiş siyasi xətt sayəsində mənfi halların qarşısının alındığını, inkişaf üçün güclü potensial olduğunu qeyd edib.

     Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kuryaçiy Maksim Pavloviç, Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, deputat Elmira Axundova və digər çıxış edənlər dünyada cərəyan edən gərginliklər fonunda ölkələrimizin daha da yaxınlaşmasının, bir-birinə dəstək olmasının vacibliyini dilə gətiriblər.

     Tədbir bədii hissə ilə davam edib.