Karla Enqlişe Universitetinin nümayəndə heyəti BSU-da

     Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Çex-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin dəvəti ilə Çexiyanın Karla Enqlişe Universitetinin nümayəndə heyəti ölkəmizə səfər edib. Səfər çərçivəsində Karla Enqlişe Universitetinin rektor əvəzi Yarmila Vaşulkova oktyabrın 14-də Bakı Slavyan Universitetində qonaq olub.

     BSU-nun Çex dili və mədəniyyəti mərkəzində çexiyaşünaslıq üzrə təhsil alan tələbələrlə görüşən Y. Vaşulkova rəhbəri olduğu ali təhsil müəssisəsi haqqında məlumat verib, tələbələrlə maraqlı söhbət aparıb. Qonaq Çexiyanın Brno şəhəri barədə ətraflı məlumat olan kitabçaları mərkəzinin kitabxanasına hədiyyə edib.

     Sonra Yarmila Vaşulkova BSU-nun rektoru professor Nurlana Əliyeva ilə görüşüb. Görüş zamanı Bakı Slavyan və Karla Enqlişe universitetləri arasında tələbə mübadiləsinin yaradılması barədə müzakirələr aparılıb.