Belarusiyanın “Ana günü” bayramı BSU-da qeyd edilib

      

     Belarusiyada hər il oktyabrın 14-ü 1996 ci ildən bəri “Ana günü” bayramı dövlət səviyyəsində keçirilir. Oktyabrın 14-də bu bayram Bakı Slavyan Universitetinin (BSU) Belarus dili və mədəniyyəti mərkəzində də təntənəli şəkildə qeyd edilib. Tədbirdə Belarusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçin xanımı Dina Axramoviç, səfirliyin baş məsləhətçisinin xanımı Vera Qarabatova, səfirliyin konsulu Andrey Adamuşko, Minatür Kitab Muzeyinin direktoru, Azərbaycan Respublikası “Kitab” Cəmiyyətinin idarə heyətinin sədri, əməkdar mədəniyyət xadimi Zərifə Salahova, Azərbaycan yazıçılar birliyinin üzvü Sevinc Nuruqızı iştirak edib.

     Qonaqları salamlayan BSU-nun rektoru professor Nurlana Əliyeva Belarusiyada qeyd olunan “Ana günü” bayramının əhəmiyyətindən söz açıb. N.Əliyeva il ərzində xüsusi bir günü analara həsr etməyin onlara göstərilən böyük qayğı olduğunu vurğulayıb.

     Belarus dili və mədəniyyəti mərkəzinin direktoru Albina Seyidova mərkəzin fəaliyyəti, o cümlədən mərkəzin fəxri qonaqları barədə ətraflı məlumat verib.

     Bakı Slavyan Universitetinin təhsil səviyyəsini, beynəlxalq əlaqələrini yüksək qiymətləndirən Dina Axramoviç ali təhsil müəssisəsində Belarus dili və mədəniyyəti mərkəzinin olmasından məmnunluğunu ifadə edərək BSU rəhbərliyinə minnətdarlığını bildirib.

     Tədbirin bədii hissəsində universitet tələbələri və BSU-nun nəzdindəki Məktəb- Lisey Kompleksinin (MLK) şagirdləri tərəfindən belarus dilində mahnı və şeirlər səsləndirilib, belarus milli rəqsləri nümayiş olunub.

     Qarşılıqlı maraq doğuran görüşün sonunda universitet adından qonaqlara hədiyyələr təqdim edilib.

                                                                                                                                                                                                         BSU-nun Mətbuat xidməti