Yunis Əmrə İnstitutunun nümayəndələri BSU-da

     Oktyabrın 14-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Türkiyənin Yunis Əmrə İnstitutunun Bakı ofisinin rəhbəri İbrahim Yıldırımı və  institutun təhsil üzrə koordinatoru Ali İhsan Çeviki qəbul edib.

     Görüş çərçivəsində BSU ilə Yunis Əmrə İnstitutu arasında birgə fəaliyyət perspektivlərdən söz açılıb.

     İbrahim Yıldırım azərbaycanlı tələbələrin Türkiyədə təhsil almalarının Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin möhkəmlənməsində vacib rol oynadığını vurğulayıb. BSU-nun beynəlxalq əlaqələrini, buradakı təhsil sistemini yüksək qiymətləndirən ofis rəhbəri Yunis Əmrə İnstitutu tərəfindən Bakıda keçirilən hazırlıq kurslarından söz açıb. BSU-da aparılan yenidənqurma işlərindən məmnunluğunu bildirən qonaq universitetin təhsil sahəsində inkişafına uğurlar arzulayıb.

     Rektor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, BSU-nun Türkiyənin qabaqcıl universitetləri ilə həyata keçirilən layihələri, o cümlədən türk-slavyan əlaqələri sahəsində aparılan araşdırmalar barədə qonaqlara məlumat verib. BSU-da Türkiyə araşdırmaları mərkəzinin fəaliyyətindən danışan Nurlana Əliyeva qeyd edib ki, iki qardaş ölkə arasındakı dostluq münasibətlərinin möhkəmlənməsi üçün türkiyəşünaslıq istiqamətində kadr hazırlığına daim ehtiyac var.

     Görüş zamanı qonaqlar Yunis Əmrə İnstitutu tərəfindən Bakıda keçirilən hazırlıq kurslarının Bakı Slavyan Universitetində də keçirilməsi təklifini irəli sürüblər. Kursların BSU-da təqdimatı barədə qarşılıqlı razılıq əldə olunub.

                                                                                                                                                                                             BSU-nun Mətbuat xidməti