BSU-da “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib

   

     21 dekabrda Bakı Slavyan Universitetində (BSU) I kurs tələbələri üçün “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib. Təhsil Nazirliyinin (TN) təşkilatçılığı ilə baş tutan tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib.

     Təqdimatın aparıcısı Seyran Babayev “BİR” Tələbə-Könüllü Proqramı barədə tələbələrə ətraflı məlumat verib. O qeyd edib ki, bu proqram Təhsil Nazirliyinin tabeçiliyində olan 18 ali təhsil müəssisəsini əhatə edir. “Bir” könüllü olmaq gənclərə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak, təhsildə öyrəndiklərini tətbiq etmək, tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, komanda ruhunu formalaşdıran kollektiv oyunlarda iştirak, daim öndə olmaq, yeni dostlar qazanmaq imkanı yaradır.
Sonra “BİR” Tələbə-Könüllü Proqramını əks etdirən video-çarx nümayiş etdirilib.

     Tədbirdə çıxış edən TN-nin “BİR” Tələbə-Könüllü Proqramının assistenti Canoğlan İlyasov bildirib ki, ölkəmizdə bir çox irimiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər boyük rol oynayırlar. “Formula 1” Avropa Qran-prisi ərəfəsində “Bir” Tələbə-Könüllüləri arasında keçirilən kartinq çempionatı barədə məlumat verən C. İlyasov çempionatda proqramın əhatə etdiyi ali təhsil müəssisələrində təhsil alan 100-dən çox tələbə-könüllünün iştirak etdiyini deyib. Çempionatın sonunda dairələri ən birinci tamamlayan Bakı Slavyan Universitetinin tələbə-könüllüsü Ramin Əsgərov yarışın ən sürətli pilotu olub. Canoğlan İlyasov bu münasibətlə Ramin Əsgərova “Bir”inci Tələbələrarası Kartinq Çempionatı kubokunu təqdim edib.

     “BİR” Tələbə-Könüllü Proqramının BSU üzrə koordinatorları Məmmədəli Həsənov, Zəhra Dadaşzadə, Fidan Qazaxova öz təəssüratlarını iştirakçılarla bölüşüblər. Koordinatorlar tələbələri “Bir” könüllü olaraq proqram çərçivəsində həyata keçirilən layihələrdə fəal olmağa səsləyiblər.

     Təqdimat mərasimində “BİR” Tələbə-Könüllü Proqramının əhatə etdiyi ali müəssisələrinin tələbə-könüllüləri də iştirak ediblər.
Tədbirin davamında tələblər arasında oyunlar keçirilib, qalib gələn tələbələrə “BİR” Tələbə-Könüllü Proqramının simvolik nişanları hədiyyə olunub.

 

Aytəkin Qardaşova