Əcnəbi tələbələrlə görüş

      

     Dekabrın 26-da Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva universitetdə təhsil alan əcnəbi tələbələrlə görüşüb. Görüşdə tələbələrlə yanaşı prorektorlar, fakültə dekanları və müəllimlər iştirak ediblər.

     Professor Nurlana Əliyeva multikulturalizmin mərkəzi sayılan Bakı Slavyan Universitetində əcnəbi tələblər üçün yaradılan şəraitdən söz açıb. Rektor tarix boyu ölkəmizdə yaşayan digər xalqlara hörmət və ehtiramla yanaşıldığını vurğulayıb, multikulturalizm ənənələrinin Azərbaycanın dövlətçilik prinsiplərində aparıcı olmasının köklərinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. N.Əliyeva BSU-da 200-dən artıq müxtəlif xalqlara mənsub əcnəbi tələbənin təhsil almasını peşəkar mütəxəssis hazırlanması istiqamətində aparılan peşəkaryönümlü təbliğat kimi dəyərləndirib. Əcnəbi tələbələrə qarşıdan gələn imtahanlarda uğurlar arzulayan rektor onları yeni il və Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə təbrik edib.

      Millət vəkili, beynəlxalq əlaqələr üzrə prorektor, professor Sahibə Qafarova çıxışında BSU-da əcnəbi tələbələrə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Tələbələrin Azərbaycan dilini, mədəniyyətini, adət-ənənələrini öyrənməyə maraqlı olduqlarını bildirən S.Qafarova Azərbaycan və rus dillərini əcnəbi tələbələrin daha mükəmməl mənimsəmələri üçün bir sıra təkliflər irəli sürüb.

     Tədbirdə tərbiyə işləri üzrə prorektor, f.ü.f.d. Xanım Sultanova, filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, professor İlyas Həmidov, pedaqoji fakültənin dekanı, professor Flora Naciyeva, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev çıxışlarında BSU-da təhsil alan əcnəbi tələbələrin ictimai fəaliyyəti, universitetdaxili keçirilən tədbirlərdə fəal iştirakından söz açıblar. Çıxışçılar əcnəbi tələblərlə iş üzrə dekanlıqla birgə Qarabağ probleminin, Xocalı faciəsinin təbliği istiqamətində BSU-da həyata keçirilən layihələrdə əcnəbilərin fəal iştirakını yüksək qiymətləndiriblər.

     Sonra Türkiyə vətəndaşı Pınar Dural və Özbəkistan vətəndaşı Janna Li Azərbaycan və Bakı Slavyan Universiteti barədə təəssüratlarını iştirakçılarla bölüşüblər. Onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbəliyinə, əcnəbi tələbələrlə iş üzrə dekan Ülviyyə Məmmədovaya və dekanlığın əməkdaşlarına minnətdarlıqlarını bildiriblər. Janna Li çıxışı zamanı öz əl işi olan tablonu rektor Nurlana Əliyevaya təqdim edib. Tələbələrin çıxışları iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.