Bakı Slavyan Universiteti – 70

   

     16 dekabr 2016-cı il tarixdə respublikamızda elm və təhsilin inkişafında, müstəqil Azərbaycanın humanitar ixtisaslar üzrə yüksək keyfiyyətli mütəxəssis hazırlığında, beynəlxalq əlaqələrimizin qurulmasında və milli-mənəvi dəyər­lərimizin dünyada təbliğində xüsusi yeri olan Bakı Slavyan Universiteti (BSU) 70 illik yubileyini qeyd edir.    70 illik yubiley Fəxri Xiyabanda Ulu öndərin məzarı önünə əklil və çiçək dəstələri qoyulması ilə başlanıb.

     Tədbirdə Rusiya, Ukrayna, Bolqarıstan, Belarusiya, Türkiyə, Çexiya və digər ölkələrdən gəlmiş qonaqlar iştirak edib.

     Tədbir universitetin akt zalında davam edib.

     BSU-nun rektoru, professor, respublikanın əməkdar müəllimi Nurlana Əliyeva tədbiri açaraq on illər boyu respublikamız üçün unikal ixtisaslar üzrə mütəxəssis hazırlığı aparan universitetin keçdiyi tarixi yoldan, bu ali məktəbin gənc nəslin təlim-tərbiyəsindəki bugünkü rolundan, Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyaya tanıdılmasında universitetin səmərəli fəaliyyətindən danışıb.

     Təhsil naziri Mikayıl Cabbarov BSU-nun Azərbaycanda  yüksək ixtisaslı kadr hazırlığında rolunu, ölkəmizin Rusiya, bütövlükdə MDB məkanı, Şərqi, Mərkəzi  və Cənubi Avropa, böyük slavyan-yunan dünyası ilə təhsil, ədəbi-mədəni, siyasi-diplomatik və sosial-iqtisadi əlaqələrinin inkişafında əhəmiyyətli fəaliyyətini vurğulayaraq, başda rektor prof. Nurlana Əliyeva olmaqla bütün kollektivi təbrik edib. BSU-nun professor-müəllim heyətinin 17 nəfər üzvünün Prezident sərəncamı ilə fəxri adlara layiq görülməsini  universitetin fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.

     Milli Məclisin sədr müavini Bahar Muradova, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək BSU-nun rəhbərliyini və kollektivini əlamətdar gün münasibəti ilə təbrik edib, yeni nailiyyətlər arzulayıblar.

     Tədbirdə Bakı Slavyan Universitetinin tarixini və bugünkü fəaliyyətini əks etdirən qısa metrajlı film nümayiş etdirilib.

     Sonra Bolqarıstan Respublikasının vitse-prezidenti Maqarita Popova, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, Brno Texniki Universitetinin professoru İvan Meznik, Minsk Dövlət Linqvistik Universitetinin elmi işlər üzrə prorektoru Anatoli Qorlatov, Moskva Dövlət Linqvistik Universitetinin Morisa Tereza adına Xarici Dillər İnstitutunun direktoru Varonina Qalina Borisova təbrik nitqləri söyləyiblər. Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin BSU-nun rektoruna Rusiya Xarici İşlər Nazirliyi ROSSOTRUDNİÇESTVO Agentliyinin Fəxri Fərmanını təqdim edib.

     Yubiley tədbiri YAXT-KLUB-da ziyafət məclisi ilə davam etdirilib.

BSU-nun Mətbuat xidməti