Beynəlxalq Əlillər Günü BSU-da qeyd olunub

       

      Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Əlillər Günü və universitetin 70 illik yubileyinə həsr olunmuş “Qəhrəmanlar əbədidir” adlı tədbir keçirilib.

      Tədbirin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirilib, Qarabağ şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Tədbirdə çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova Beynəlxalq Əlillər Günü barədə məluamt verib, dövlətimiz tərəfindən əlillərə, qayğıya ehtiyacı olan yaradıcı insanlara göstərilən diqqəti yüksək qiymətləndirib.

      Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev  və Qarabağ müharibəsi veteranı, Diplomatiya kafedrasının müəllimi Sadir Məmmədov çıxışlarında döyüş xatirələrini tələbələrlə bölüşüblər. Aprel döyüşlərində ordumuzun göstərdiyi şücaətdən danışan çıxışçılar gəncləri vətənpərvər olmağa səsləyiblər.

      Əlillərin cəmiyyətə fəal inteqrasiyası üçün ölkəmizdə yaradılan şəraitdən danışan  BSU-nun beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, YAP-ın BSU üzrə sədri Rəşad Abbaszadə, Veteranlar Təşkilatının İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səidə Abdullayeva şərait qeyd ediblər ki, Prezident İlham Əliyev insanların problemlərinə daim böyük həssaslıqla yanaşır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ciddi önəm verir. Bildirilib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

      Sonda universitetin ictimai həyatında fəal iştirakına görə prorektor Xanım Sultanovaya, Tərcümə fakültəsinin tələbələri Günay Kazımova və  Şamil Nuriyə Veteranlar Təşkilatı tərəfindən diplom təqdim edilib.

      Tədbir çərçivəsində əlillər və veteranlarla bağlı BSU tələbələri Şirin Hüseynzadə və Əliyar Bayramovun çıxışları dinlənilib. Qarabağ şəhidləri barədə video-çarx nümayiş olunub, BSU-nun foyesində fiziki məhdudiyyətli gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

BSU-nun Mətbuat xidməti