Görkəmli alimin 75 illik yubileyi qeyd olunub

      

     Dekabrın 2-də Bakı Slavyan Universitetinin (BSU) qocaman professoru, görkəmli alim və pedaqoq Məmməd Qocayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

     Tədbirin əvvəlində professorun ömür yolu və pedaqoji fəaliyyəti ilə bağlı film nümayiş olunub.

     Yubiley münasibətilə Məmməd Qocayevi təbrik edən BSU-nun  rektoru, professor Nurlana Əliyeva çıxışında görkəmli alimin yubileyinin universitetin 70 illik yubileyi ilə eyni vaxta təsadüf etməsini əlamətdar hadisə kimi qiymətləndirib. Nurlana Əliyeva deyib: “Hər bir təhsil ocağının tarixində ömürünü məhsuldar elmi-pedaqoji fəaliyyətinə, tələbələrinin təlim-tərbiyəsinə fədakarlıqla xərcləmiş dəyərli müəllimlər vardır. Məmməd Qocayevin adı və şöhrəti bir universitet çərçivəsinə sığmır. Görkəmli ədəbiyyatşünas uzun illərdir çoxcəhətli fəaliyyəti və yaradıcılığı, müdrikliyi və sadəliyi ilə ətrafındakı insanların, işlədiyi kollektivin hörmət və ehtiramını qazanıb”.

     Tədbirdə çıxış edən “Kaspi” qəzetinin baş redaktoru Sona Vəliyeva, Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əliyev, professorlar Qəzənfər Paşayev, Bədirxan Əhmədov, Rüstəm Kamal və digərləri Məmməd Qocayevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Natiqlər dünya fəlsəfə və ədəbiyyat tarixinin ən qiymətli əsərlərini doğma dilimizdə görməyi təbliğ edən alimin “Dostoyevskinin poetikasının problemləri” monoqrafiyasını Azərbaycan dilinə çevirməklə ədəbiyyatşünaslığımızda ciddi canlanma yaratdığını qeyd ediblər. Yubiley mərasimində BSU tələbələri Məmməd Qocayevin əsərlərindən maraqlı parçalar səsləndiriblər.

     Tədbirin sonunda çıxış edən professor Məmməd Qocayev ona ünvanlanan təbriklərə görə minnətdarlığını bildirib. BSU-da 50 illik fəaliyyəti dövründə qazandığı müəllim kollektivi və tələbələrlə öz təəssüratlarını bölüşən alim tədbiri təşkil edən universitet rəhbərliyinə təşəkkür edib.

     Sonda yubiley münasibəti ilə professor Məmməd Qocayevə  yubiley münasibəti ilə BSU tərəfindən nəşr olunan “Elm və mənəviyyat zirvəsi” adlı kitab və dəyərli hədiyyələr təqdim edilib.

BSU-nun Mətbuat xidməti