BSU-da elmi-praktik konfransın açılışı olub

     “Azərbaycan və Avropa: Multikulturalizm, tolerantlıq və birgəyaşayışın problemləri və perspektivləri”

     Noyabrın 18-də Bakı Slavyan Universitetində (BSU) “Azərbaycan və Avropa: Multikulturalizm, tolerantlıq və birgəyaşayışın problemləri və perspektivləri” mövzusunda Respublika Elmi-Praktik Konfransın açılışı olub. BSU-nun  Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə, BSU-nun 70 illik yubileyinə və 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Multikulturalizm ili” elan olunmasına həsr edilib.

     Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva müstəqil Аzərbaycanın güclü dövlətə çevrilməsində ölkədə elm və təhsilin inkişafının vacib rolu olduğunu vurğulayıb.  Dövlətimizin elm və təhsil siyasətinin inkişaf etdirilməsinin bilavasitə gənclərin elmi tədqiqatlara daha çox cəlb edilməsindən asılı olduğunu bildirən rektor deyib: “Respublikamızın müxtəlif ali və ümumtəhsil məktəblərini təmsil edən şagird, tələbə və magistrların iştirakı ilə keçirilən elmi-praktik konfrans sizin həyatınızda yeni-yeni biliklərin, uğurların və dostların  əldə olunmasında müsbət təsirini göstərəcəkdir”. Nurlana Əliyeva Azərbaycanın dünya ölkələri ilə daim dostluq, qardaşlıq münasibətində olmasını Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirib. BSU-da hökm sürən tolerant mühitin universitin beynəlxalq əlaqələrinin inkişafında mühim əhəmiyyət kəsb etdiyini deyən rektor “Multikulturalizm ili” çərçivəsində keçirilən konfransın işinə uğurlar arzulayıb.

     BSU-nun elmi işlər  üzrə prorektoru, professor Rafiq Novruzov çıxışında Аzərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb. Prorektor bildirib ki, gənclərimizin elm və təhsilə cəlb olunması dövlətin təhsil siyasətinin əsas istiqamətlərdən biridir. Konfransa təqdim edilmiş tezislərin aktual mövzuları əhatə etdiyini deyən Rafiq Novruzov iştirakşılara uğurlar arzulayıb.

     Sonra BSU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Aygün Mahmudova elmi-praktik konfrans barədə iştirakçılara ətraflı məlumat verib. O, qeyd edib ki, konfransda respublikanın 11 ali məktəbi və 4 orta ümumitəhsil müəssisəsini təmsil edən 211 tələbə, magistrant və şagird iştirak edir. Qeyd olunan ali təhsil və orta ümumtəhsil müəssisələri sırasında Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Qərb Universiteti, həmçinin BSU-nun Məktəb-Lisey Kompleksi, Akademik Zərifə Əliyeva adına Lisey, Bakı Avropa Liseyi və 164 saylı orta məktəb var.

     Mərasimin davamında BSU-nun magistrantı Rüfət Həşimov, Azərbaycan Dillər Universitetinin tələbəsi Leyla Nəcəfova və  Bakı Avropa Liseyinin şagirdi Leyla Hənifəyevanın çıxışları dinlənilib.

      Qeyd edək ki, konfrans öz işini “Heydər Əliyev  və  Azərbaycan Respublikasının    daxili  və xarici  siyasəti” , “Heydər  Əliyev  Azərbaycanda multikulturalizmin  banisi  kimi”, “Azərbaycan Respublikasının multikulturalizm və tolerantlıq  siyasəti”, “Multikulturalizm  Azərbaycan  dövlətinin həyat tərzi kimi”, “Azərbaycanın ədəbi-ictimai fikrində multikulturalizm ənənələri”, “Təhsil prosesində tolerantlıq və multikulturalizm dəyərləri”, “Azərbaycan  və  Avropa:  multikulturalizmin çoxtərəfli  münasibətləri  və  modelləri”, “Qloballaşan  dünyada  azərbaycançılıq” mövzusunda 8 bölmə üzrə davam etdirib. Bölmələrin gedişində şagird, tələbə və magistrantların iştirakı ilə elmi diskussiyalar, çıxış etdikləri aktual mövzular ətrafında müzakirələr və  fikir mübadilələri aparılıb.

     Bölmələr üzrə məruzələr dinlənilib, fərqlənən şagird, tələbə və magistrantlara konfransın sonunda rektor Nurlana Əliyeva tərəfindən sertifikat təqdim edilib.

 

BSU-nun Mətbuat xidməti