Magistratura şöbəsi

        

    Bakı Slavyan Universitetinin Magistratura şöbəsi 1997-ci ildən fəaliyyət göstərir. Magistr hazırlığı proqramı «Filologiya»(Dilşünaslıq), «Filologiya»(Ədəbiyyatşünaslıq), «Tərcümə (dillər üzrə)», «Beynəlxalq münasibətlər», «Ölkəşünaslıq (ölkələr üzrə)» «Jurnalistika», «Dil və ədəbiyyat müəllimliyi», «Xarici dil müəllimliyi», «Pedaqogika», «İbtidai sinif müəllimliyi» istiqamətlərində həyata keçirilir. Tədris Azərbaycan və rus dillərində, əyani formada aparılır.

     Magistraturada dövlət tədris proqramlarına müvafiq olaraq, Xarici dil, Psixologiya, Ali məktəb pedaqogikası, seçmə fənlər, ixtisaslaşma fənləri tədris edilir, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələr keçirilir, magistr dissertasiyası həcmində tədqiqat işi aparılır və İxtisaslaşdırılmış Elmi Şurada müdafiə edilir.

     Fəaliyyət göstərdiyi müddətdə Magistratura şöbəsində Rusiya, Türkiyə, İran, İraq, Koreya, Nigeriya, Türkmənistan, Qazaxıstan, Əfqanıstan və digər xarici ölkə vətəndaşları təhsil almışlar.

     Şöbədə tələbə özünüidarəetmə orqanı – Magistrantlar Şurası fəaliyyət göstərir.

     Magistratura şöbəsində magistrantların elmi məqalələri dərc olunan «Problemlər. Axtarışlar. Perspektivlər» adlı məqalələr toplusunun, elmi-praktik konfransların tezislərinin nəşri ənənəyə çevrilmişdir. Şöbədə müxtəlif dillər üzrə danışıq kitabçalarının, lüğət və digər məlumat ədəbiyyatının hazırlanmasına, müxtəlif dillər üzrə elmi-tədqiqat işi aparan gənclərin əmək fəaliyyətə cəlb edilməsinə xüsusi diqqət yetirilir.

     Magistrantlarının elmi-tədqiqat təcrübəsi universitetin ixtisas kafedralarında, elmi-tədqiqat laboratoriyalarında və Tədris-mədəniyyət mərkəzlərində keçirilir. Təcrübə dövründə magistrantların tərtib etdikləri məqalələr «Problemlər. Axtarışlar. Perspektivlər» adlı elmi məqalələr məcmuəsində dərc olunur. Elmi-pedaqoji təcrübə keçən magistrantlar bakalavr təhsil pilləsində ixtisas fənlərini tədris edirlər.

     Magistrantlar mütəmadi olaraq Bakı Slavyan Universitetinin keçirdiyi və respublikada keçirilən müxtəlif konfranslarda fəal iştrak edirlər. Bakı Slavyan Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Qafqaz universitetinin və s. təşkilatçılığı ilə keçirilən elmi konfranslardamagistrantlarımız öz fəallıqları ilə seçilmişlər. Həmçinin universitetin magistratura şöbəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr edilmiş magistrantların beynəlxalq konfransıda keçirilir.

     2002-ci ildən etibarən Bakı Slavyan Universiteti Magistrantlar Şurası tərəfindən mütəmadi olaraq «Disput klub» çərçivəsində Respublikamızın tanınmış elm və mədəniyyət xadimləri, siyasi simaları ilə görüşlər keçirilir. Bu görüşlər zamanı müxtəlif mövzularda müzakirələr aparılır.

     Bakı Slavyan Universitetinin Magistrantlar Şurası tələbə özünüidarəetmə orqanı kimi 2000-ci ildən fəaliyyət göstərir. Şura üzvləri Magistratura şöbəsində müxtəlif ixtisaslar üzrə təhsil alan və magistr hazırlığı proqramının yerinə yetirilməsində yüksək müvəffəqiyyət göstəricilərinə malik olan, elmi-tədqiqat işinə xüsusi maraq göstərən və universitetin ictimai həyatında fəal iştirak edən magistrantlar sırasından seçilirlər. Şura magistrantlar arasında aparılan təlim-tərbiyə işinin təkmilləşdirilməsi, mədəni-kütləvi tədbirlərin, elmi-metodik konfransların və seminarların təşkili, disput və diskussiyaların, xeyriyyəçilik tədbirlərinin keçirilməsi, magistrantların elmi məqalələr məcmuələrinin dərc edilməsi işində fəal iştirak edir.

Kafedralar