DAXİLİ NİZAM-İNTİZAM QAYDALARI

 

BAKI SLAVYAN UNİVERSİTETİNDƏ TƏHSİLALANLARIN VƏ TƏHSİLVERƏNLƏRİN UNİVERSİTETDAXİLİ NİZAM-İNTİZAM QAYDALARI

                                                 

  1. ÜMUMİ MÜDDƏALAR
  • «Bakı Slavyan Universitetində təhsilalanların universitetdaxili intizam Qaydaları» (bundan sonra «Qaydalar») Bakı Slavyan Universitetdə (bundan sonra «BSU» və ya ismin müvafiq halında «Universitet») təhsilalanların etik-davranış normalarını və prinsiplərini, hüquq və vəzifələrini, məsuliyyətini və məsuliyyətə cəlb olunma qaydalarını tənzimləyir.
  • Bu Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Təhsil prosesi iştirakçılarının etik standartları modeli»nə və «Bakı Slavyan Universitetinin Nizamnaməsi»nə uyğun hazırlanmışdır.
  • Bu Qaydaların tətbiqində əsas məqsəd tədris prosesinin iştirakçıları arasında sağlam işgüzar mühitin bərqərar olmasına, təhsilalanların etik davranış standartlarına riayət edilməsinə, təhsilin səmərəliliyin və şəffaflığın artırılmasına, universitetdə baş verə biləcək neqativ halların qarşısının alınmasına və tələbə kontingentinin mənəvi keyfiyyətlərinin daha da yüksəldilməsinə nail olmaqdan ibarətdir.
  • Bu Qaydalar Universitetə daxil olduğu andan etibarən vətəndaşlığından və təhsil növündən asılı olmayaraq bütün təhsilalanlara - tələbələrə, magistrlərə, doktorantlara, hazırlıq kurslarının dinləyicilərinə şamil edilir.
  • Bu Qaydalar, eləcə də ona əlavələr və dəyişikliklər BSU-nun Elmi Şurasının qərarı ilə təsdiq edildiyi gündən qüvvəyə minir.
  • Bu Qaydalara əməl olunmasına nəzarətin təşkili BSU-nun rektoru tərəfindən müəyyən edilir.
  • Bu Qaydaların tətbiqi zamanı aşağıdakı prinsiplər əsas götürülür:
    • 7.1. Qanunun aliliyi: bu Qaydalar yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normativ hüquqi aktlara əsaslanaraq tətbiq edilir. Qanunvericiliyə əsaslanmayan hərəkətlər və hərəkətsizlik yolverilməzdir. Təlim-tərbiyə prosesinin bütün iştirakçıları qanuna tabe olmalıdırlar. Heç kim qanundan yüksəkdə dura bilməz. Hamı qanunun aliliyinə hörmət etməlidir.
    • 7.2. Bərabərlik prinsipi: intizam qaydalarını pozmuş təhsilalanlar irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, maddi vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq intizam məsuliyyətinə cəlb olunurlar.
    • 7.3. Ədalət prinsipi: intizam qaydalarını pozmuş təhsilalana tətbiq edilən intizam tənbehi ədalətli olmalıdır, yəni pozuntunun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına uyğun olmalıdır.
    • 7.4. Mədəni davranış: təhsilalanlar tədris prosesinin iştirakçıları ilə davranışında nəzakətli, diqqətli və təmkinli olmalıdır. Təhsilalan davranışı ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Təhsilalan səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.
    • 7.5. Humanizm prinsipi: intizam qaydalarını pozmuş təhsilalana tətbiq edilən intizam tənbehi insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.
    • 7.6. Qərəzsizlik: Təhsilalan tədris prosesində qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə hər kəsə qarşı tolerant olmalıdır.
  1. TƏHSİLALANLARIN ƏSAS HÜQUQ VƏ VƏZIFƏLƏRİ
  • Təhsilalanlar, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinə uyğun olaraq etik davranış qaydaları üzrə aşağıdakı hüquqlara malikdirlər:
  • dövlət təhsil standartlarına uyğun təhsil almaq, elm, texnika və mədəniyyətin müasir səviyyəsinə uyğun müvafiq bilik qazanmaq və tədris fənlərinin seçilib müəyyənləşdirilməsində iştirak etmək;
  • universitetdə cavabdeh şəxslərin razılığı əsasında başqa ali məktəblərdə (fakültələrdə) bütün növ məşğələ və tədbirlərdə iştirak etmək;
  • universitetin fəaliyyəti ilə bağlı mühüm məsələlərin müzakirə və həllində iştirak etmək;
  • universitet kitabxanasından, İKT vasitələrindən, tədris, elm və digər bölmələrin xidmətlərindən ödənişsiz istifadə etmək;
  • təhsil ilə əlaqədar universitetin aidiyyəti struktur bölmələrindən özünə aid arayışlar, əmrlərdən çıxarışlar, transkriptlər və digər sənədləri almaq;
  • bütün növdən olan elmi tədqiqat işlərində, konfranslarda, simpoziumlarda iştirak etmək, öz işlərini nəşriyyata, həmçinin universitetin nəşrlərinə təqdim etmək;
  • qanunvericililiklə müəyyən edilmiş qaydada rəhbərliyin əmr və sərəncamlarından şikayət vermək;
  • dövlət təhsil standartı çərçivəsində tədris planı fənlərindən başqa əlavə mövzu və tədris fənləri daxil olan, eləcə də mütəxəssis hazırlığı üçün sifarişçinin maraqlarını əks etdirən fərdi plan üzrə təlim almaq;
  • əlavə (həmçinin ödənişli) tədris xidmətləri əldə etmək;
  • özünün şərəf və ləyaqətinə hörmət tələb etmək;
  • vicdan, informasiya, şəxsi fikir və əqidəsini ifadə etmək azadlığına malik olmaq;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
  • Universitetdə təhsilalanlar aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:
  • 2.1. Təhsilalanlar özləri, habelə valideynləri qarşısında dərslərdə iştirak etmək, ev tapşırıqlarını yerinə yetirmək və dərslərini mükəmməl öyrənmək üçün məsuliyyət daşıyırlar.
  • 2.2. təhsil aldığı müddətdə tədrisə dair universitetin nizamnaməsindən, rektorun əmrlərindən, bu Qaydalardan irəli gələn tələblərə əməl etmək;
  • 2.3. tələbə yoldaşları və universitet əməkdaşları ilə ünsiyyətdə diqqətli olmaq;
  • 2.4. intizam, inzibati və cinayət məsuliyyəti doğuran hərəkətlərə yol verməmək, belə əməlləri törədənlər barədə dərhal müvafiq rəhbər işçiləri məlumatlandırmaq;
  • 2.5. siqaret çəkilməsi üçün xüsusi olaraq yaradılmış guşələr istisna olmaqla auditoriyalarda, koridorlarda, tualetlərdə, pilləkənlərdə və siqaretin çəkməsi qadağan olunan digər yerlərdə siqaret çəkməmək;
  • 2.6. universitetdə spirtli içki içməmək, narkotik maddələrdən istifadə etməmək və ya universitetə onlardan istifadə edərək gəlməmək, habelə öz səhhətinə və kamilliyinə zərər vuran bu qəbildən olan vərdişlərdən çəkinmək;
  • 2.7. universitetin əmlakını qorumaq və onun korlanması və itməsinə görə müəyyən olunmus qaydada müvafiq maddi məsuliyyət dasımaq;
  • 2.8. rastlaşdığı problem və ya haqsızlıqlar haqqında rəhbər isçilərə məlumat vermək;
  • 2.9. dərslərə müəyyən edilmiş cədvəl əsasında vaxtında gəlmək və dərslərdən vaxtından tez getməmək;
  • 2.10. dərs prosesinin normal gedisinə mane olan hərəkətlər etməmək;
  • 2.11. universitetin nüfuzuna xələl gətirə bilən, cəmiyyətin mənəvi dəyərlərinə zidd olan hərəkətlərə yol verməmək;
  • 2.12. biliklərinin daim artırılmasına səy göstərmək, praktiki vərdislərə və seçdiyi ixtisas üzrə (istiqamətə görə) müasir tədqiqat metodlarına yiyələnmək;
  • 2.13. ixtisas üzrə tədris planının tələblərini yerinə yetirmək və tədris planı ilə nəzərdə tutulan tədris məşğələlərinin bütün növlərində iştirak etmək;
  • 2.14. cavabdeh şəxslərin icazəsi olmadan tədris auditoriyaları və digər otaqlardan əşya və müxtəlif avadanlıqları çıxarmamaq;
  • 2.15. rəhbərliyin və ya daxili mühafizə əməkdaşlarının tələbi ilə şəxsiyyəti təsdiq edən sənədi, yaxud tələbə biletini dərhal təqdim etmək;
  • 2.16. həm universitetdə, həm də universiteti təmsil etdiyi ictimai yerlərdə nizam-intizamlı və səliqəli olmaq;
  • 2.17. universitetin binasında və ərazisində təmizlik qaydalarına riayət etmək;
  • 2.18. üzrlü səbəblərə görə dərslərə gəlmədikdə, növbəti gündən gec olmamaq şərtilə fakültə dekanını xəbərdar etmək və universitetə gələn günü dərslərin buraxılması səbəbləri haqda məlumat vermək. Xəstə olduğu halda müvafiq səhiyyə müəssisəsinin müəyyən olunmuş formada arayışını təqdim etmək;
  • 2.19. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələr.
  • TƏHSİLALANLARIN İNTİZAM POZUNTUSUNA GÖRƏ MƏSULƏYYƏTƏ CƏLB EDİLMƏSİ QAYDALARI
  • Universitetdaxili intizam qaydalarının pozulmasına görə təhsilalanlara qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada aşagıdakı intizam tənbehi tədbirlərindən biri tətbiq edilir:
  • 1.1. xəbərdarlıq;
  • 1.2. töhmət;
  • 1.3. sonuncu xəbərdarlıqla siddətli töhmət;
  • 1.4. tədris prosesindən bir və ya bir neçə semestr kənarlaşdırılması, habelə qanunvericilikdə nəzərdə tutulan hallarda Universitetdən xaric edilmə.
  • Xəbərdarlıq təhsilalana hərəkət və davranışlarında daha diqqətli olması vacibliyinin yazılı şəkildə bildirilməsidir və bu, aşagıdakı hallarda verilir:
  • 2.1. başqalarına qarsı kobudluq və hörmətsizlik etmək;
  • 2.2. başqalarını narahat edəcək şəkildə ucadan danışmaq, qışqırmaq, mahnı oxumaq, musiqiyə qulaq asmaq və səs-küy salmaq;
  • 2.3. ətrafın təmizliyinə riayət etməmək;
  • 2.4. universitetin səlahiyyətli şəxsləri tərəfindən soruşulan sualları və verilən sorğuları üzrlü səbəb olmadan vaxtında cavablandırmamaq;
  • 2.5. universitetdə müəyyən olunmuş yerlər xaricində elanlar asmaq;
  • 2.6. universitetin müvafiq strukturlarının icazəsi ilə asılmış elanları qoparmaq, dəyişdirmək, qaralamaq və ya yararsız hala salmaq;
  • 2.7. yuxarıda qeyd olunmamış digər oxşar intizam pozuntusuna yol vermək.
  • Töhmət təhsilalana hərəkət və davranışlarında yol verdiyi pozuntuların yazılı şəkildə bildirilməsidir və bu, aşagıdakı hallarda verilir:
  • universitetin səlahiyyətli şəxsləri tərəfindən tələb olunan məlumatları onlara məqsədli şəkildə natamam və yanlış şəkildə bildirmək;
  • hərəkətləri və davranışı ilə mühazirə, seminar, laboratoriya işləri, elmi konfrans, mədəni tədbir və s. gedişini pozmaq;
  • universitetdə divarlara və əşyaların üzərinə yazı yazmaq, işarələr qoymaq, şəkil çəkmək, onları korlamaq;
  • dərs vaxtı auditoriyada mobil telefonlardan istifadə etmək;
  • universitet daxilində icazəsiz olaraq elanlar və digər yazılı məlumatlar yaymaq və asmaq;
  • imtahanlar və ya digər akademik tapşırıqlar zamanı köçürmə və digər müvafiq qaydaların tələblərini pozduqda;
  • başqalarına qəsdən təhqiramiz sözlərlə sataşmaq və ya kobud və yolverilməz hərəkətlərlə fiziki təsirlər etmək;
  • tədris prosesində digər kobud pozuntusuna yol vermək.
  • Sonuncu xəbərdarlıqla şiddətli töhmət yol verdiyi intizam pozuntusu qeyd olunmaqla yazılı şəkildə bildirilir və bu, aşagıdakı hallarda verilir:
  • 4.1. universitet daxilində təkbaşına və ya başqaları ilə birlikdə dövlətçiliyə və qanunçuluğa zidd olan siyasi xarakterli təbliğatla məşğul olmaq, habelə belə fəaliyyətə başqalarını cəlb etmək;
  • 4.2. intizam qaydalarının pozulması ilə bağlı aparılan təhqiqata mane olmaq;
  • 4.3. universitetdən aldığı və ona aid olan sənədi istifadə üçün başqasına vermək və başqasına aid olan sənədi özü üçün istifadə etmək;
  • 4.4. universitet daxilində və xaricində şəxslərin şərəf və ləyaqətini alçaldan şifahi və ya yazılı fəaliyyətlər göstərmək;
  • 4.5. universitetdə spirtli içki içmək, narkotik maddələrdən istifadə etmək və ya universitetə onlardan istifadə edərək gəlmək;
  • 4.6. universitetdə qadağan olunmuş yerlərdə siqaret çəkmək;
  • 4.7. imtahanlarda köçürmək və ya köçürməyə şərait yaratmaq;
  • 4.8. buraxılış işləri, dissertasiya və s. yazılışında müəllif hüquqlarını kobud şəkildə pozmaq;
  • 4.9. təkbaşına və ya qrup şəklində müəllim və rəhbər işçilərin qəbul etdikləri qərarlara qarşı çıxmaq və bununla əlaqədar təhsilalanlar arasında həmin şəxslərə qarşı təbliğat aparmaq və ya belə hərəkətlərə cəhd etmək;
  • 4.10. dil, irq, milli mənsubiyyət, din və məzhəb kimi əlamətlərə görə qütbləşmələr yaradacaq fəaliyyət göstərmək, ayrı-seçkilik etmək;
  • 4.11. universitetdəki əşyalara, qapı, pəncərə, divar və digər yerlərə ideoloji və ya siyasi xarakterli yazılar yazmaq, şəkil, emblem və s. yapışdırmaq;
  • 4.12. universitet və ona bağlı qurumlarda, cavabdeh şəxslərdən icazə almadan, müxtəlif tədbirlər təşkil etmək və ya belə tədbirlərdə iştirak etmək;
  • 4.13. universiteti və ya onun hər hansı bir qurumunu təmsil etmək səlahiyyəti olmadığı halda özünü səlahiyyətli şəxs kimi göstərərək bəyanatlar vermək, iclas və ya tədbirlərdə iştirak etmək;
  • 4.14. universitet binalarında və ərazisində qadağan olunmuş yerlərə daxil olmaq;
  • 4.15. qanunvericiliklə qadağan edilmiş təşkilatlara üzv olmaq və ya bu təşkilatların lehinə fəaliyyət göstərmək;
  • 4.16. universitetin hər hansı bir əməkdaşına qarşı xüsusi kampaniya aparmaq, bu məqsədlə təhsilalanlar arasında imza toplamaq, onları təşkilatlandırmaq və ya buna cəhd etmək;
  • 4.17. qanunvericiliklə qadağan edilmiş inzibati hüquq pozuntusuna yol vermək.
  • Tədris prosesindən bir və ya bir neçə semestr kənarlaşdırılması, habelə universitetdən xaric edilməsi Elmi Şuranın qərarına əsasən rektorun əmri ilə rəsmiləşdirilir. Belə intizam tədbirləri aşagıdakı hallarda tətbiq edilir:
  • təhsil prosesinin iştirakçılarına fiziki zor göstərilmək, bilavasitə və ya sosial şəbəkələrdə və digər vasitələrdə açıq-aşkar şərəf və ləyaqətinin alçaldılması, eləcə də bu qəbildən olan hərəkətlərlə onlara hədə-qorxu gəlmək;
  • universitet əməkdaşları və təhsilalanlara zor tətbiq edərək inzibati hüquqpozmalarına yol vermək;
  • güc tətbiq edərək işçiləri və ya təhsilalanları universitet xaricinə çıxarmaq, onların öz vəzifələrini icra etməsinə mane olmaq, başqalarını belə hərəkətlərə təhrik etmək;
  • bilərəkdən, planlı şəkildə universitetin nüfuzuna xələl gətirən tədbirlər keçirmək, iclaslar, mitinqlər və nümayişlər təşkil etmək, təbliğatlar aparmaq;
  • universitetdə və digər ictimai yerlərdə inzibati və ya cinayət məsuliyyəti yaradan hüquq pozuntularına yol vermək;
  • universitetin tikililərinə, qurğularına və digər avadanlıqlarına, habelə informasiya şəbəkəsi sisteminə ciddi zərər vurmaq;
  • imtahanlarda hədə-qorxu gələrək köçürmək və köçürən təhsilalanlarnn imtahan otağından uzaqlaşdırılmasına mane olmaq;
  • bilərəkdən öz əvəzinə başqasının imtahan verməsinə şərait yaratmaq və ya başqasının əvəzinə imtahan vermək;
  • imtahan suallarının bir qismini və ya bütövlükdə, hər hansı bir qeyri-qanuni yolla əldə etmək;
  • universitetə aid olan hər hansı bir sənəddə imzanı saxtalaşdırmaq;
  • universitet sənədlərində dəyişikliklər etmək, başqalarını buna təhrik etmək;
  • universitetin informasiya bazasına girərək özünün və ya başqasının lehinə qanunsuz əməliyyatlar aparmaq;
  • universitet əməkdaşlarını və təhsil prosesinin digər iştirakçılarını müxtəlif yollarla (rüşvət, hədiyyə, tapşırıq və s.) ələ almaq məqsədi daşıyan əməllərə yol vermək;
  • qanunvericiliklə qadağan edilmiş, eləcə də yolverilməz hesab edilən digər ciddi intizam pozuntusuna yol vermək.
  • İntizam məsuliyyətinə cəlb olunmuş təhsilalan intizam qaydalarını təkrar pozduqda ona daha ciddi intizam tənbehi tətbiq edilir.
  • Təhsilalanlara qarşı intizam tənbehi tətbiq edilərkən aşağıdakılar nəzərə almalıdır:
  • törədilən hadisənin ağırlıq dərəcəsi;
  • vurulan ziyanin dəyəri;
  • hadisənin baş vermə yeri, faktı və halları;
  • intizam tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar;
  • hadisənin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi;
  • tələbəni xarakterizə edən amillər;
  • hadisənin baş verməsinə təsir edən səbəb və şərait.
  • Xəstəlik, tətil, akademik məzuniyyət və ya hamiləlik və doğuşa görə məzuniyyət vaxtı təhsilalanlarin universitetdən xaric edilməsinə yol verilmir.
  • Təhsilalana intizam tənbehinin tətbiq edilməsi fakültə dekanının yazılı təqdimatı ilə rektorun əmrinə əsasən həyata keçirilir. Tələbə 3 gün ərzində rektorun müvafiq əmri ilə tanış edilir.
  • İntizam tənbehi müvafiq hadisənin baş verməsinin aşkar olunduğu gündən bir ay keçənədək tətbiq edilə bilər. Bu gündən 6 ay keçdikdən sonra təhsilalana qarşı intizam tənbehi tətbiq edilə bilməz.
  • Təhsilalana tətbiq edilən intizam tənbehi haqqında məlumat tələbənin şəxsi Işinə və transkriptinə qeyd edilir.
  • Təhsilalana tətbiq edilən intizam tənbehi haqqında rəsmi sənəd tələbənin təhsil aldığı fakültənin elanlar lövhəsində yerləşdirilir.
  1. TƏHSİLDƏ MÜVƏFFƏQİYYƏTLƏRİNƏ GÖRƏ TƏHSİLALANLARIN HƏVƏSLƏNDİRMƏ TƏDBİRLƏRİ
  • Akademik müvəffəqiyyətlərinə, universitetin elmi-tədqiqat və ictimai həyatında fəal iştirakına görə təhsilalanlar üçün aşağıdakı həvəsləndirmə tədbirləri təyin edilir:
  • təşəkkür elan etmə;
  • fərmanla təltif etmə;
  • qiymətli hədiyyələrlə təltif etmə;
  • adlı təqaüdlə təqdim etmə.
  • Həvəsləndirmələr tələbələrin həmkarlar təşkilatının rəyi soruşulmaqla rektorun əmri ilə elan edilir və iclasda qrup (fakültə) tələbələrinin nəzərinə çatdırılır.
  • Həvəsləndirmələr haqqında əmrlərdən çıxarış təhsilalanın şəxsi işində saxlanılır.
  1. FAKÜLTƏLƏRDƏ QRUP NÜMAYƏNDƏSİ VƏ ONUN ƏSAS VƏZİFƏLƏRİ
  • Hər bir qrupda müvəffəqiyyətlə oxuyan (və ya yüksək balla universitetə daxil olan), nizam-intizamlı təhsilalanlar arasından fakültə dekanı tərəfindən qrup nümayəndəsi seçilir. O, qrupun həmkarlar təşkilatı ilə birgə fəaliyyət göstərir.
  • Qrup nümayəndəsi birbaşa olaraq fakültə dekanı və ya onun müavininə tabedir və onların sərəncam və göstərişlərini qrup təhsilalanların nəzərinə çatdırır.
  • Qrup nümayəndəsinin əsas vəzifələri aşağıdakılardır:
  • bütün növ məşğələlərdə təhsilalanların davamiyyətinin fərdi uçotunu aparmaq;
  • səbəblərini qeyd etməklə təhsilalanların dərsə gecikmə və gəlməmələri haqqında dekana (dekana müavininə) gündəlik məlumatları təqdim etmək;
  • bütün növ məşğələlərdə qrupun tədris intizamının vəziyyətinə, həmçinin də tədris avadanlığı və invertarların qorunmasına nəzarət etmək;
  • qrup tələbələrinin dərslik və dərs vəsaitləri ilə təmin olunması işini təşkil etmək;
  • fakültə rəhbərliyi tərəfindən dərs cədvəlinə edilən dəyişikliklər haqqında təhsilalanların vaxtında məlumatlandırılmasını təmin etmək;
  • qrup tələbələrinin universitet və fakültə tərəfindən keçirilən müxtəlif elmi və sosial-mədəni tədbirlərdə iştirakını (könüllülük prinsipi gözlənilməklə) təşkil etmək.
  • Hər bir qrup üçün hər bir dərs üzrə müəyyən olunmuş formada qeydiyyat jurnalı tərtib olunur. Jurnallar fakültənin dekanlıqlarında saxlanılır və hər gün dərsdən əvvəl qrup nümayəndəsinə təqdim edilir. Qrup nümayəndəsi dərs bitdikdən sonra jurnalı müvafiq qaydada dekanlığa təhvil verir.
  1. İNTİZAM TƏNBEHİNDƏN APELYASİYA ŞİKAYƏTİNİN VERİLMƏSİ QAYDALARI
  • İntizam tənbehi ilə bağlı rəsmi əmr haqqında tələbəyə məlumat veriləndən 3 iş günu müddətində tələbə apelyasiya şikayəti verə bilər.
  • Apelyasiya şikayəti yalnız universitetdən xaric edilmə intizam tənbehi ilə əlaqədar verilə bilər.
  • Apelyasiya şikayəti birbaşa rektora ünvanlanır.
  • Apelyasiya şikayəti ilə bağlı rektor tərəfindən apelyasiya komissiyası yaradılır və 5 iş günü müddətində araşdırma aparılır.
  • İlkin araşdırmada iştirak edən şəxslər apelyasiya komissiyasının üzvü ola bilməzlər.
  • Apelyasiya komissiyası şıkayəti araşdırır və intizam tənbehi ilə bağlı verilən qərarın qüvvədə saxlanması, ləğv edilməsi və ya ona dəyişikliklər edilməsi barədə rektora tövsiyələrini verir.
  • Apelyasiya komissiyasınin tövsiyələrinə əsasən rektor son qərar verir və bu qərar qətidir. Bu qərardan təhsilalan müəyyən olunmuş qaydada məhkəməyə müraciət edə bilər.
  • Təhsilində və davranışlarında yaxşı göstəricilərə görə təhsilalanın intizam tənbehi həmin tənbeh verilən gündən 6 ay keçdikdən sonra müvafiq fakültə dekanının təqdimatı əsasında rektorun əmri ilə vaxtından əvvəl götürülə bilər.
  • YEKUN MÜDDƏALAR
  • Təhsilalanlarla universitet arasında tədris prosesinin tənzimlənməsinə dair müqavilələr bağlanılan zaman həmin müqavilələrdə bu Qaydalara istinad edilən müvafiq müddəalar nəzərdə tutulmalıdır.
  • Universitetdə pedaqoji fəaliyyətlə məşğul olan müəllim heyətinin etik davranış qaydaları Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müəllimlərin etik davranış Qaydaları» ilə tənzimlənir.
  • BSU-nun əmək müqaviləsi ilə çalışan inzibati-idarəetmə, tədris-köməkçi və digər heyətin iş rejimi, etik davranış və intizam qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 183-cü maddəsinə uyğun olaraq Elmi Şuranın qərarı ilə təsdiq edilən «Bakı Slavyan Universitetinin daxili intizam Qaydaları» ilə tənzimlənir.
  • Bu Qaydalar, «Müəllimlərin etik davranış Qaydaları», «Bakı Slavyan Universitetinin daxili intizam Qaydaları», eləcə də «Təhsil prosesi iştirakçilari üçün etik standartlar modeli» ayrılıqda universitetin foyelərində, mərtəbələrin koridorlarında, hər kəsin diqqətini cəlb edən uyğun formatda tərtib edilib asılır.