ÇEX DİLİ VƏ MƏDƏNİYYƏTİ MƏRKƏZİ

     Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin bilavasitə köməyi ilə yaradılmış Çex Dili və Mədəniyyəti Mərkəzi 13 oktyabr 2010-cu il tarixində Çexiya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Radek Matula tərəfindən açılmışdır.

     Çex Dili və Mədəniyyəti Mərkəzin əsas məqsədi – gənclərin hər iki ölkənin mədəniyyəti, təhsili, maarif və elmində qarşılıqlı iştirakı, həmçinin bohemistika sahəsində təhsil prosesinin mükəmmələşdirilməsidir.

     Mərkəz həmçinin Çexiyanın ali təhsil müəssisələri ilə əlaqələrin təşkilinə və əməkdaşlığın inkişaf etməsinə kömək edir.

     Mərkəz çex dilində ədəbiyyatı olan kitabxanaya malikdir. Hazırda mərkəzdə təqribən 300 kitab var. Oxuculara həmçinin çex dilində jurnal və qəzetlər, video və audio kasetlər, CD və DVD disklər təqdim olunur. Mərkəzdə çex dili məşğələləri ilə yanaşı müxtəlif mədəni tədbirlər, Çexiyanın mədəniyyəti, tarixi, adət və ənənələri ilə bağlı bayramlar, Çexiyanın siyasi, elm və mədəniyyət təmsilçiləri ilə görüşlər və mühazirələr keçirilir.

     Mərkəzin nəzdində danışıq dilinin mükəmməlləşdirilməsi məqsədilə tələbələr üçün çex dili dərnəyi yaradılmışdır.