POLTAVA İQTİSADİYYAT VƏ TİCARƏT UNİVERSİTETİ AZƏRBAYCAN DİLİ VƏ MƏDƏNİYYƏTİ MƏRKƏZİ

    

         Ukrayna Respublikasının Poltava İqtisadiyyat və Ticarət Universitetində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzi 2011-ci ilin 8 sentyabr tarixində açılmışdır. Açılış mərasimində PİTU-nun rektoru, tarix elmləri doktoru, professor A.A.Nestulya, BSU-nun prorektorları, dosent O.Ə.Səmədov və T.C.Əsədzadə, BSU-nun «Azərbaycanşünaslıq» Tədris-Mədəniyyət Mərkəzinin müdiri A.İ.Rüstəmov, Mərkəzin direktoru dos. Y.K.Alxasov, Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin əməkdaşları, Poltova vilayəti Dövlət Administrasiyasının və Poltava Şəhər Şurasının rəsmi nümayəndələri iştirak etmişlər.

      Mərkəzin açılmasının məqsədi Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Azərbaycançılıq məfkurəsinin gerçəkləşməsidir.

       Mərkəzdə mütəmadi olaraq dəyirmi masalar, Ulu öndər Heydər Əliyevə həsr olunmuş kitabların müzakirəsi təşkil olunur, elm və mədəniyyət nümayəndələri ilə görüşlər, Ukrayna-Azərbaycan dostluğu gecələri keçirilir, Azərbaycanın milli və dövlət bayramları, xalqımızın tarixində əlamətdar olan anım günləri qeyd olunur. Hazırda ukraynalı tələbələr mərkəzdə Azərbaycan, türk və rus dillərini, «Azərbaycan multikulturalizmi» fənnini öyrənır, Bakıda Beynəlxalq qış və yay multikulturalizm məktəblərində fəal iştirak edirlər. Mərkəz hər iki ali məktəb müəllimlərinin elmi əsərlərinin birgə toplusunun buraxılışını, birgə beynəlxalq elmi konfransların keçirilməsini əlaqələndirir. PİTU və BSU əməkdaşlarının birgə hazırladığı «Azərbaycanca-rusca-ukraynaca danışıq kitabçası», «Mühasibat uçotu və audit: Ukraynaca-rusca-ingiliscə azərbaycanca terminologiya lüğəti» nəşr edilmişdir. Hər il fevralın 25-də mərkəzdə Poltava vilayəti Piryatin rayonu Viktoriya kəndində doğulmuş, dinc azərbaycanlı əhalini erməni quldurlarından müdafiə edərkən Dağlıq Qarabağda həlak olmuş Sovet İttifaqı Qəhrəmanı leytenant Oleq Babaka və Xocalı soyqırımına həsr edilən tədbir keçirlir və aprelin 7-də «Аzərbaycanın dostları klubu»nun fəalları Qarabağ savaşı qəhrəmanının doğma kəndi Viktoriyada onun məzarını ziyarət edirlər.