MÜQƏDDƏS KLİMENT OXRİDSKİ ADINA SOFİYA UNİVERSİTETİNDƏ AZƏRBAYCAN DİLİ VƏ MƏDƏNİYYƏTİ MƏRKƏZİ

   

      Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi 2013-cü ilin 25 sentyabr tarixində açılmışdır. Açılış mərasimində Sofiya Universitetinin rektoru prof. İ.İlçev, Bakı Slavyan Universitetinin nümayəndə heyəti, Bolqar Dili və Mədəniyyəti Mərkəzinin müdiri S.Şıqayeva, qonaqlar – Bolqarıstan Respublikası Parlamentinin üzvü Q.Svilenski, Azərbaycan Respublikasının Bolqarıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri E.Kərimov, səfirlik əməkdaşları, Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan və Gürcüstanın Bolqarıstan Respublikasındakı səfirləri və səfirlik nümayəndələri, ölkənin dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

    Mərkəz müasir texniki avadanlıqlar kompüterlər və proyektorlarla təchiz edilmiş, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı məlumatlardan, sənədli və bədii filmlərdən, klassik və müasir musiqi nümunələrindən ibarət disklərlə, milli məişət və bəzək əşyaları ilə təmin edilmişdir. Mərkəzin kitabxana fondu Azərbaycanın tarixi və mədəniyyətindən bəhs edən fotoalbom və kitablardan, görkəmli yazıçı və şairlərin əsərlərindən, dilçiliyə dair elmi nəşrlər və tədris ədəbiyyatından, lüğətlər və məlumat kitabçalarından ibarətdir.