Dekabrın 13-də Bakı Slavyan Universitetinin (BSU) Azərbaycanşünaslıq və slavistika bölməsinin, Müasir Azərbaycan dili və Türkologiya kafedralarının birgə təşkilatçılığı ilə “Dil siyasəti və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Qeyd edək ki, beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq keçiriləcək. Beynəlxalq elmi konfransın hazırlıq işlərinin əlaqələndirilməsi və yüksək səviyyədə təşkil olunması üçün BSU-da universitetin rektoru, professor Nurlana Əliyevanın sədri olduğu 35 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Konfransın işçi dilləri Azərbaycan, türk, rus və ingilis dilləridir.
Məlumat üçün bildirək ki, konfransın Təşkilat Komitəsinə 16 xarici ölkədən, o cümlədən Rusiya Federasiyasından, Türkiyə Respublikasından, Qazaxıstan Respublikasından, Qırğızıstan Respublikasından, Gürcüstan Respublikasından, Belarus Respublikasından, Çex Respublikasından və Rusiya Federasiyasının Kalmıkiya Respublikasından, Saxa (Yakutiya) Respublikasından, eləcə də ölkəmizin ali təhsil müəssisələrindən elmi məqalələr daxil olub.
Konfransdan öncə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstünün önünə əklil və gül dəstələri qoyacaqlar.
Konfransın plenar iclasında əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək, çıxışlar və təbliklər dinləniləcək.
Plenar iclasdan sonra konfrans öz işini 6 bölmədə-“Ulu öndər Heydər Əliyevin dil siyasəti və multikulturalizm”, “Dil və norma”, “Müstəqillik əldə etmiş dövlətlərin dil siyasəti”, “Dilin saflığına dövlət qayğısı”, “Dilin tarixi və inkişaf perspektivləri”, “Kütləvi informasiya vasitələri və ədəbi dil” adlı bölmələrində davam etdirəcək. Bölmə iclaslarında ümumilikdə 76 məruzənin dinlənilib müzakirə olunması nəzərdə tutulur.
Konfransın sonunda iclas rəhbərlərinin hesabatları dinləniləcək, müvafiq qərarlar qəbul olunacaq, iştirakçılara sertifikatlar təqdim ediləcək.
Mətbuat xidməti