Məmmədov Qulam Kərim oğlu

Xalq təhsilinin görkəmli təşkilatçısı, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun yaradıcılarından biri Q.K.Məmmədov müxtəlif illərdə bu institutun prorektoru və rektoru vəzifələrində işləmişdir. İnstitutun əsas inkişaf mərhələləri onun adı ilə bağlıdır.

60 il ərzində Q.K.Məmmədov yorulmaq bilmədən Xalq təhsili sahəsində çalışmış və hamının böyük hörmətini qazanmışdır.1920-ci ildən pedaqoji fəaliyyətdə olmuşdur. 1924-cü ildə Bakı Xalq Təhsili Institutunu bitirmişdir.1920-ci ildən 1930-cu ilə kimi müəllim, sonra məktəb direktoru (Ramana, Balaxanı), 1930-cu ildən 1931-ci ilə kimi RTXŞ-in müdiri (Bakı şəhəri), 1931–1933-cü illərdə Bakı Şəhər Təhsil Şöbəsi müdirinin müavini işləmişdir.

Q.K.Məmmədov 1934–1935-ci illərdə Elmi-Tədqiqat Pedaqoqika İnstitutunda direktor, 1935–1936-cı illərdə Azərbaycan SSR Xalq Təhsili Komissarlığında Ali məktəblər və pedaqoji məktəb şöbəsinin rəisi, 1936–1939-cu illərdə Naxçıvan Muxtar Respublikasının Xalq Təhsili
Komissarı, 1938-ci ildən 1941-ci ilə kimi Azərbaycan SSR Xalq Təhsili Komissarlığının Məktəb şöbəsinin rəis müavini işləmişdir, 1941–1945-ci illərdə Q.K.Məmmədov Sovet Ordusu sıralarında qulluq etmiş, 1945–1946-cı illərdə Respublika Təhsil Nazirliyinin Məktəblər şöbəsinin rəisi
olmuşdur.

1946–1952-ci illərdə Q.K.Məmmədov M.F.Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitunda direktor müavini, 1952–1959-cu illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı Institutunda elmi və tədris işləri üzrə rektor müavini işləmişdir. 1959–1968-ci illərdə M.F.Axundov adına Pedaqoji Dillər Institutunun rektoru olmuşdur. O, 15 ildən artıq İnstitutun Pedaqogika və psixologiya kafedrasının müdiri kimi çalışmışdır. 40-dan artıq elmi işin, o cümlədən» Savadsızlığın aradan qaldırılması» dərsliyinin (1933–1937), respublikanın rus məktəblərinin VI, IX, X sinifləri üçün Azərbaycan dili dərsliklərinin müəllifidir. Q.Məmmədov 1959-cu ildə «Valideynlər arasında məktəbin pedaqoji təbliği» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Görkəmli alim «Şərəf nişanı» ordeni, «Qafqazın müdafiəsi», «Almaniya üzərində qələbəyə görə» medalları ilə təltif olunmuşdur. O, həmçinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, «Xalq Təhsili əlaçısı» nişanları ilə təltif olunmuşdur.