Hüseynov Firudin Hüseyn oğlu

Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, rusistika sahəsində görkəmli alimdir. 1960-cı ildə M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, elə həmin il Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur. 1963-cü ildən 1965-ci ilə qədər doğma İnstitutda müəllim işləmişdir.

1965-ci ildən 1990-cı ilə qədər Azərbaycan Dövlət Universitetində baş müəllim, Rus dilinin praktik kursu, Rus dilçiliyi kafedralarında müdir, prorektor vəzifələrində çalışmışdır. 1990-ci ildən 1997-ci ilə qədər M.F.Axundov adına Rus dili və Ədəbiyyatı institutunun rektoru olmuşdur. 1967-ci ildən elmlər namizədi, 1972-ci ildən dosent, 1979-cu ildən elmlər doktoru, 1983-cü ildən professor vəzifələrini tutmuşdur. Frazeologiya sahəsində tanınmış mütəxəssisdir. Onun «Tarixi frazeologiya» haqqında işi elmə dəyərli töhvə olmuşdur. Professor F.H.Hüseynov 50-dən artıq elmi işin müəllifi, həmçinin prof. M.T.Tağıyevlə birgə yazdığı «Azərbaycan məktəbinin IX sinifi üçün «Rus dili» dərsliyinin (1973), Azərbaycan məktəbi üçün F.Y.Hüseynova ilə birlikdə tərtib edilmiş «Rus dilinin sorğu lüğəti»nin (1983), Azərbaycan məktəbinin X sinifi üçün «Rus dili» dərsliyinin (1995), Azərbaycan məktəbinin I-XIci sinifləri üçün «Rus dili» proqramlarının (1992) həmmüəllifdir. Professor F.H.Hüseynovun «Rus frazeologiyası» kitabı vaxtilə Moskvada çıxan «Ruskiy yazık v şkole» jurnalının səhifələrində yüksək qiymət almışdır (№ 6, 1978-ci il).

Rus dili üzrə yeni proqram və dərsliklərin yaradılmasında professor F.H.Hüseynovun müstəsna xidmətləri olmuşdur. Onun təklif etdiyi rus dilinin qeyri-ana dili kimi tədrisinin linqvometodik əsaslarına görə tədrisin məzmunu və məqsədi, qrammatik sistemi deyil, nitqin öyrədilməsi olmuşdur. Onun rəhbərliyi ilə yaradılmış proqramlar üzrə dərslikər nitq vərdişlərinin inkişafına hərtərəfli yardımçı olmuşdur.

Onun təşəbbüsü ilə 1990–1993-cü illərdə institutda tədris edilən bütün fənlər üzrə yeni proqramlar yazılmışdır. Professor F.H.Hüseynovun rəhbərliyi ilə 6 namizədlik və 1 doktorluq dissertsiyası yerinə yetirilmişdir. 1985-ci ildə onun tərəfindən ictimai əsaslarla Azərbaycan dilinin frazeoloji lüğəti şöbəsi yaradılmışdır. Professor F.H.Hüseynov 1990-ci ildən 1992-ci ilə qədər doktorluq dissertasiyalarının müdafiəsi üzrə şuranın sədri olmuşdur. 1992–1993-cü illərdə namizədlik dissertasiyalarının müdafiəsi üzrə şuraya sədrlik etmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunun doktorluq dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının üzvi olmuşdur. Professor F.H.Hüseynov «Rusca-azərbaycanca frazeoloji lüğət»in elmi redaktoru, dördcildli «Azərbaycanca-rusca lüğət»in redaksiya heyətinin üzvü olmuşdur.

1980-ci illərdə SSRİ Təhsil Nazirliyi nəzdindəki Rus dili üzrə metodik şuranın üzvi olmuşdur.Həmin illərdə Azərbaycan SSR Təhsil Nazirliyində Rus dili üzrə tədris-metodiki şuraya rəhbərlik etmişdir.

Tarixi leksikologiya, frazeologiya və rus dilinin qeyri-ana dili kimi tədrisinin linqvometodik əsasları üzrə seçmə fənlərdən mühazirələr oxumuşdur.