AZƏRBAYCAN MULTİKULTURALİZMİ KAFEDRASI

     25 fevral 2015-ci il tarixdə Bakı Slavyan Universitetinin Elmi Şurası Azərbaycan multikulturalizmi kafedrasının açılması barəsində qərar qəbul etdi. Bu kafedra bakalavr və magistratura səviyyələrində tədris olunan «Multikulturalizmə giriş» və «Azərbaycan multikulturalizmi» fənlərinin elmi-nəzəri və tədris-metodiki bazasının yaradılması və respublikada bu istiqamətdə həyata keçirilən layihələrə qoşulmaq məqsədilə yaradılmışdır. «Azərbaycan multikulturalizmi» kafedrası spesifik bir kafedra olaraq 7 mart 2015-ci ildə fəaliyyətə başlamışdır.

     Azərbaycan multikulturalizmi kafedrasının müəllimləri mütəmadi olaraq Bakı Beynəlxalq Multikulturalizm mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçirilən yay və qış məktəblərində əcnəbi və yerli tələbələrə mühazirə oxuyurlar.

     Azərbaycan Respublikası Prezidentinin 11 mart 2016-cı il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasında 2016-cı ilin «Multikulturalizm ili» elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planı»nın icrasını təmin etmək məqsədi ilə kafedranın müəllimləri orta ümumtəhsil məktəblərində «Azərbaycanda multikulturalizm və tolerantlıq» mövzusunda səyyar mühazirələrdə fəal iştirak edirlər.