BSU-da Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

       

     İyunun 14-də Bakı Slavyan Universitetində (BSU) Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl iştirakçılar BSU-nun foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyublar.

     Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə giriş sözü ilə çıxış edən BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov tədbir iştirakçılarının Qurtuluş bayramını təbrik edib, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Professor Rafiq Novruzov qeyd edib ki, 1993-cü il iyun ayında Azərbaycanın daxilində baş verən gərgin ictimai-siyasi proses dövlət müstəqilliyini təhlükə altına saldı. Xalq ayağa qalxaraq öz təkidi ilə Ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Prorektor bildirib ki, qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin genişlənməsində əsl dönüş yarandı. Professor Rafiq Novruzov xüsusi vurğulayıb ki, “Azərbaycanın müstəqilliyi dönməz və əbədidir” şüarı altında Ulu Öndərin təməlini qoyduğu əbədi irsi ölkəmizin Prezidenti cənab İlham Əliyev böyük məsuliyyətlə davam etdirir.

      

     Sonra tədbirdə Milli Qurtuluş Günü ilə bağlı müxtəlif məruzələr dinlənilib. YAP-ın BSU üzrə sədri, dosent Sevinc Axundova “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Rüstəm Kamal “Heydər Əliyev ədəbi obraz kimi”, İbtidai təhsil kafedrasının dosenti Çimnaz Məmmədova “Azərbaycan bəxtinə doğan günəş”, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov “Xalqımızın tarixində ən möhtəşəm gün”, Azərbaycan multikulturalizmi kafedrasının müəllimi Nərmin Elyasova “15 iyunun Azərbaycan Gəncliyinin tərəqqisində rolu”, BSU-nun magistrantı Natiq Nəsirov “Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi oldu” adlı məruzələrlə çıxış ediblər.

  BSU-nun mətbuat xidməti