Bakı Slavyan Universitetinin (BSU) tərəfdaş olduğu “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” (Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities) - PETRA layihəsi çərçivəsində keçirilən növbəti seminar Finlandiyanın Jyvaskala şəhərində yerləşən Jyvaskala Universitetində keçirilib. Seminarlara Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin dekan müavini Leyla Musayeva, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekan müavini Sevil Bağırova qatılıblar.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlarının iştirak etdiyi layihədə Bakı Slavyan Universiteti ilə yanaşı Xəzər Universiteti, Azərbaycan Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti iştirak edib.
Beş gün davam edən təlimdə Jyvaskala Universitetində elektron tədris və təlim prosesinin vəziyyəti, bu sahədə əldə olunmuş nailiyyətlər və perspektivlər haqqında təqdimatlar nümayiş olunub, tədris və təlim prosesində texnologiyadan istifadə, tədqiqat işlərinin aparılması və bu kimi mövzuların müzakirəsi aparılıb.
PETRA layihəsi çərçivəsində keçirilmiş təlimlərin sonunda bütün iştirakçılara, o cümlədən BSU-nun nümayəndələrinə müvafiq sertifikatlar təqdim olunub.
BSU-nun mətbuat xidməti