BSU-nun rektoru "Mahmud Kaşqari" medalı ilə təltif olunub

     

       Mayın 31-də Bakı Slavyan Universitetində (BSU) Mahmud Kaşqari adına Beynəlxalq Fondunun "Mahmud Kaşqari" medalının təqdimat mərasimi olub. Bu dəfə adı çəkilən medala BSU-nun rektoru, professor Nurlana Əliyeva layiq görülüb.

     "Mahmud Kaşqari" medalı Ümumtürk mədəniyyətinə, ədəbiyyatına xidmətləri olan nüfuzlu şəxslərə verilir. 2006-cı ildə təsis olunan Mahmud Kaşqari medalı ilk dəfə Türkiyə Cümhuriyyətinin doqquzuncu prezidenti Süleyman Dəmirələ təqdim olunub. Sonrakı dövrlərdə medal Nursultan Nazarbayev, Oljas Süleymenov, Çingiz Abdullayev, Anar, Sabir Rüstəmxanlı, İsa Həbibbəyli, Abel Məhərrəmov və digər tanınmış elm və ədəbiyyat xadimlərinə verilib.

     Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti, şair Elxan Qaraxanoğlu təqdimat mərasimində çıxış edərək Beynəlxalq Fondun mahiyyəti, funksiyası və vəzifələri barədə qısa məlumat verib. O, medalın türk xalqlarının bir-birinə yaxınlaşmasında və türk dünyasının yaradıcı insanlarının dünyada tanıdılmasında xüsusi önəm daşıdığını bildirib. E.Qaraxanoğlu Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyevanın fəaliyyətinin çoxtərəfli olmasına diqqəti çəkərək onun Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərini xüsusi qeyd edib. O, bildirib ki, N.Əliyevanın pedaqoji və elmi sahədə gördüyü işlər müasir Azərbaycan gəncliyinin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda yetişməsində misilsiz rol oynayıb.

           Fondun prezidenti Bakı Slavyan Universitetinin ölkənin nümunəvi ali məktəblərindən olduğunu xüsusi qeyd edib.

     BSU rektoru, professor Nurlana Əliyeva cavab nitqində Mahmud Kaşqari adına Beynəlxalq Fondun rəhbərliyinə minnətdarlıq bildirməklə yanaşı, bu mükafatın onun üzərinə böyük məsuliyyət qoyduğunu nəzərə çatdırıb. Rektor qeyd edib ki, bundan sonra ikiqat əzmlə çalışmalı olacaq. BSU rektoru həm də mükafatın təkcə ona deyil, bütün universitetə aid olduğunu vurğulayıb.

       Qeyd edək ki, bu il "Mahmud Kaşqari" medalına layiq görülənlər sırasında AMEA-nın Humanitar Elmlər Bölməsinin rəhbəri, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov da var.

BSU-nun mətbuat xidməti