BSU-da “Azərbaycan ədəbiyyatında Türkçülük anlayışı” adlı tədbir keçirilib

    

      Mayın 24-də Bakı Slavyan Universitetinin (BSU) Türk araşdırmaları və tədris mədəniyyət mərkəzinin, BSU Gənc Yaradıcılar Klubunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan ədəbiyyatında Türkçülük anlayışı” adlı tədbir keçirilib. Tədbirdə BSU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

     Tədbirin əvvəlində Qafqaz İslam Ordusunun marşı səsləndirilib. Marşın ardından BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova giriş sözü ilə çıxış edib, Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaradılmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlə bağlı fikirlərini bölüşüb. Azərbaycan-Türkiyə arasındakı qardaşlığın dərin kökləri olduğunu qeyd edən X.Sultanova bu əlaqələrin getdikcə daha da möhkəmləndiyini qeyd edib.

   

     Tədbirdə “Nuru Paşa və Osmanlı əsgərləri” ilə bağlı video-çarx nümayiş olunub. Video-çarxın ardından universitetin tələbələri Nilufər Hacızadə “Hüseyn Cavidin həyat və yaradıcılığı”, Tural Hüseynzadə “Əhməd Cavadın həyat və yaradıcılığı” mövzularında məruzə ilə çıxış ediblər. Əsmər Məmmədova Əhməd Cavadın “Bismillah”, Səfiyyə Mustafayeva “Azərbaycan-Türkiyə” şeirlərini səsləndiriblər.
        Tədbirin sonunda Türk araşdırmaları tədris mədəniyyət mərkəzinin təşkil etdiyi sərgiyə baxış keçirilib.

BSU-nun mətbuat xidməti