BSU-da “Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin inkişaf istiqamətləri” mövzusunda elmi seminar keçirilib  

       

     Mayın 24-də Bakı Slavyan Universitetində (BSU) Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin inkişaf istiqamətləri” mövzusunda elmi seminar keçirilib.

     Seminarın əvvəlində Dövlət himni səsləndirilib.

     Himnin ardından Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova giriş sözü ilə çıxış edərək bildirib ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” imzaladığı Sərəncama əsasən ölkədə və ölkə xaricində silsilə tədbirlər keçirilir. Sonra S.Axundova Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə olunan nailiyyətlərdən danışıb. O qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. İki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu deyən Sevinc Axundova AXC-nin xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını vurğulayıb. Sevinc Axundova çıxışını “Azərbaycan Xalq Cümhuriyyəti illərində xaricdə təhsil” adlı məruzəsi ilə davam etdirib.

     Seminar çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə dair tarixi faktlardan ibarət video təqdim olunub.

       

     Elmi seminarın davamında mövzu ilə bağlı məruzələr dinlənilib. Pedaqogika və psixologiya kafedrasının müəllimi Ülviyyə Mehrəliyeva “Cümhuriyyət dövründə mətbuat”, İbtidai təhsil kafedrasının baş müəllimi Fidan Əfəndiyeva “Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil sahəsində aparılan islahatlar, ibtidai və orta təhsilin vəziyyəti”, BDU-nun dosenti Elza Mollayeva "BDU-nun yaranma tarixi", BSU-nun doktorantı Günay Nəzərova “Cümhuriyyət illərində milli pedaqoji kadr hazırlığı”, Pedaqogika və psixologiya kafedrasının müəllimləri Afaq Nəsibova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaşlıların təhsili”, Səbinə Cəfərova “Cümhuriyyət illərində qadınların təhsili”, Nurlan Məmmədov “Cümhuriyyət illərində kitabxana və qiraətxanalar”, İbtidai təhsil kafedrasının dosenti Çimnaz Məmmədova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ana dilində dərsliklərin nəşri” adlı məruzələrlə çıxış ediblər.

BSU-nun mətbuat xidməti