BSU-da “Nargin Faciəsi və Nuri Paşa” mövzusunda seminar keçirilib

     

       Mayın 3-də Bakı Slavyan Universitetində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” IX Beynəlxalq Elmi Konfrans çərçivəsində Türkiyənin Pamuqqala Universiteti ilə birgə “Nargin Faciəsi və Nuri Paşa” mövzusunda seminar keçirilib. Seminarı Pamuqqala Universitetinin nümayəndəsi Yaşar Sözen aparıb.

     Yaşar Sözen çıxışında Nargin adasında əsir saxlanılan türk əsgərlərinə kömək edən azərbaycanlılardan, Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında olan dəstəyindən danışıb. Yaşar Sözen Nargin faciəsi haqqında Türkiyədə insanların çoxunun məlumatsız olduğunu, Azərbaycan ədəbiyyatında Nargin faciəsi və Nuri Paşa ilə əlaqəli yer alan əsərlərin olmasından məmnunluq duyduğunu bildirib. Yazıçı Rafael Oğuztürkün qələmə aldığı “Nargin faciəsi” və “Nuri Paşa” dram əsərlərinin Türkiyə və Azərbaycanda bu mövzuda yazılan ilk dram əsəri olduğunu vurğulayıb. O qeyd edib ki, Bakı Bələdiyyə Teatrı tərəfindən tamaşaya qoyulan əsər Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, səfirin xanımı Məltəm Özoral tərəfindən müsbət qiymətləndirilib, “Nargin faciəsi” və “Nuri Paşa” dram əsərlərinin Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən Türkiyədə səhnəyə qoyulacağı planlaşdırılıb.

       Seminarda BSU-nun professor-müəllim və tələbə heyəti iştirak edib. Sonda mövzuyla bağlı fikir mübadiləsi aparılıb.

   Bakı Slavyan Universitetinin rəhbərliyinə təşəkkürünü bildirən qonaq BSU ilə Pamuqqala Universiteti arasındakı əməkdaşlığın inkişaf etdirilməsində əməyinə görə Türk araşdırmaları tədris-mədəniyyət mərkəzinə təşəkkürnamə, hədiyyələr təqdim edib.

BSU-nun mətbuat xidməti