BSU-da “Aprel-Qələbəyə doğru bir addım” adlı anım mərasimi keçirilib

         

     Aprelin 5-də Bakı Slavyan Universitetində (BSU) Aprel döyüşləri zamanı canından keçən şəhidlərin 2-ci ildönümünə həsr edilmiş “Aprel-Qələbəyə doğru bir addım” adlı anım mərasimi keçirilib. Tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Mərasimi giriş sözü ilə açan BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova 2 il öncə 2016-cı ilin aprel ayında baş vermiş hadisələri yaxın tariximizin həm kədərli, həm də qürurverici səhifəsi adlandırıb. O bildirib ki, həmin hadisələr Azərbaycan ordusunun vətənpərvərlik ruhunun son dərəcə yüksək olduğunu təsdiqləyib. Aprel döyüşlərində şəhid olanların əziz xatirəsinin hər zaman uca tutulacağını deyən prorektor Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olan BSU-nun 2015-ci il məzunu Vüqar Süleymanovun xatirəsini yad edib. Xanım Sultanova 1991-1992-ci illərdə Vətən uğrunda şəhid olan Bakı Slavyan Universitetinin altı nəfər məzununu da xatırladaraq, tezliklə həmin şəhidlərə aid universitetdə xüsusi guşə yaradılacağını qeyd edib.

     Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov “Aprel döyüşləri və zəfər yürüşü” adlı məruzəsində deyib: “Biz bir daha əmin olduq ki, ordumuz Ali Baş Komandanın əmri ilə bütün torpaqlarımızı qısa müddətdə işğaldan azad etmək qüdrətindədir. Dörd günlük döyüşdə düşmən Azərbaycan Ordusunun hərbi qüdrəti qarşısında vahiməyə düşdü. Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrətini nəinki Ermənistana, bütün dünyaya bir daha nümayiş etdirdi".

     Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd əvvəllər dekanı olduğu beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin məzunu Vüqar Süleymanov barədə iştirakçılara məlumat verib. Əsgər Əhməd aprel şəhidindən qürur hissi ilə danışaraq şəhidin tələbəlik illərində nümunəvi bir gənc olduğunu dilə gətirib. O, Vüqar Süleymanovun ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildiyini diqqətə çatdırıb.

     Sonra aprel şəhidlərinə aid “Aprel qələbəyə doğru bir addım” adlı videonun nümayişi olub.

     Nümayişin ardından BSU-nun II kurs tələbəsi Elxan Hacıyev Aprel döyüşlərinin rəsmi statistikası barədə məlumat verib.

     Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov çıxışında ermənilərin azərbaycanlılara qarşı olan məkrli niyyətlərindən, Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbədən fəxrlə danışıb.

     Tədbirdə BSU-nun magistrant və tələbələrinin aprel şəhidlərinin həyat yolu barədə çıxışları dinlənilib, qəhrəmanlıq mövzusunda şeirlər səsləndirilib.

     Sonda BSU-nun Tələbə Həmkarlar Təşkilatının sədri Könül Əlizadənin ”Aprel hadisələri qələbəyə doğru” adlı çıxışı dinlənilib.

BSU-nun mətbuat xidməti