BSU-da “Gənc ailəyə psixoloji dəstək” mövzusunda tədbir keçirilib

                      

     Aprelin 3-də Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrası nəzdində Sosial-Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə “Gənc ailəyə psixoloji dəstək” mövzusunda tədbir keçirilib. Tədbirin əvvəlində Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Proqramın məqsədi gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaqdır. S.Axundova qeyd edib ki, Sosial-Psixoloji Xidmət Mərkəzinin Dövlət Proqramından çıxış edərək təşkil etdiyi tədbirin keçirilməsində məqsəd gənclərin sağlamlığının qorunması, xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi, gənc ailələrə psixoloji dəstəyin verilməsi və ailə dəyərləri haqqında maarifləndirmə işinin gücləndirilməsidir.

     Tədbirə dəvət olunmuş Sağlam Gələcək Mərkəzinin konsultantı, geştalt terapevt Mehriban Məmmədkərimova mövzu ilə bağlı bir sıra məsələlərə toxunub. Psixoloq ailənin əsasları, gənclərin maariflənməsi gənc cütlüklərdə yaranan psixoloji problemlər, qarşı cinsin təbiətini öyrənməklə bağlı psixoloji mexanizm, tanışlıq mərhələsində qarşılıqlı anlaşma və qarşıdurma hallarının aradan qaldırılması barədə iştirakçılara ətraflı məlumat verib.

     Seminarın davamında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi, gənclər arasında ailə dəyərləri və bu kimi mövzular ətrafında gənclərlə diskussiya aparılıb.

BSU-nun mətbuat xidməti