BSU-da "Bakı Marafonu - 2018"lə bağlı görüş keçirilib

                          

   Aprelin 2-də Bakı Slavyan Universitetində (BSU) Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də təşkil olunacaq "Bakı Marafonu - 2018"lə bağlı görüş keçirilib. Tədbirin əvvəlində Marafon haqqında qısa video-çarx nümayiş olunub.

   Marofonun təşkilatçılarından olan Firdovsi Kərimov iştirakçılara Marafon yürüşünün yaranma tarixindən danışıb və bu yürüşün önəminə diqqət çəkib. O bildirib ki, “Küləyə qalibgəl” şüarı altında keçirilən “Bakı Marafonu” üçüncü ildir ardıcıl təşkil olunur. Marafonun təşkilində əsas məqsəd idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. “Bakı Marafonu-2018”dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

   Sonra tələbələrə "Bakı Marafonu 2018"in keçiriləcəyi yer haqqında məlumat verilib. Bildirilib ki, "Bakı Marafonu 2018" Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 km məsafəni əhatə edəcək. 16 yaşdan yuxarı hər kəs əvvəlcədən qeydiyyatdan keçərək yarımarafona qoşula bilər. F.Kərimov bildirib ki, yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, tələbələr qeydiyyat zamanı ödəniş etməyəcəklər.

   Qeyd edək ki, Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.

BSU-nun mətbuat xidməti