BSU əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

                    

   Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın təşəbbüsü ilə BSU-nun bir qrup əməkdaşı martın 31-də 1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar olaraq Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunub.

   BSU beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi Elmi Şurasının azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş növbəti iclası da Quba Soyqırım Memorial Kompleksində keçirilib. İclasda çıxış edən beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev qeyd edib ki, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Prezident Sərəncamında məsələyə bütövlükdə münasibət ifadə olunub. Sənəddə XX əsrdə baş vermiş hadisələrin soyqırımı, deportasiya və etnik təmizləmə xarakteri daşıdığı çox obyektiv şəkildə öz əksini tapıb. Ş.Əliyev azərbaycanlıların kütləvi qırğınını, repressiyalara məruz qalmasını, doğma yurdlarından sürgün edilməsini və didərgin salınmasını XX əsr tarixinin ən dəhşətli faciələrindən adlandırıb. O, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamlarının əsas məqsədinin azərbaycanlıları bir milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olduğunu bildirib.

   Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov çıxışında ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin zaman-zaman mərhələlərlə davam etdirdiyini vurğulayıb. O, 1937-ci il repressiyalarında da ermənilərin fəal iştirak etdiyini, Azərbaycan ziyalılarına qarşı düşünülmüş plan əsasında hərəkət etdiklərini bildirib. 1946-1948-ci illərdəki deportasiya hadisələrini soyqırımların başqa forması adlandıran H.Məmmədov həmin hadisələrdə də xeyli insanın həlak olduğunu qeyd edib. O, bu faciələrin baş verməsindən indiyədək 100 minlərlə azərbaycanlının qətlə yetirildiyini, məscidlərin, qəbiristanlıqların dağıdıldığını, kəndlərin, qəsəbələrin viran edildiyini bildirib.

   BSU-nun əməkdaşları yığıncaqdan sonra Qubada Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının qarşısından Memorial Kompleksə qədər davam edən yürüşə qatılıblar. Onlar Quba Soyqırımı Memorial Kompleksində  qurbanların xatirəsini əbədiləşdirən abidənin önünə əklil və gül dəstələri qoyublar.

   Sonra Quba Soyqırımı Memorial Kompleksinin rəhbərliyi BSU əməkdaşlarını komplekslə, kompleksdə quraşdırılmış müasir texnologiyadan istifadə olunmaqla müxtəlif bölgələr üzrə soyqırım faktlarını özündə əks etdirən güşələrlə tanış ediblər. Bununla yanaşı, ziyarətçilər kompleksdə sərgilənən “1918-ci ilin mart soyqırımı Belarus fotoqrafı Lev Daşkeviçin gözü ilə” adlı fotosərgiyə və AMEA Tarix İnstitutunun azərbaycanlıların soyqırımına həsr edilmiş kitab sərgisinə baxıblar. BSU əməkdaşları Quba Soyqırımı Memorial Kompleksinin zalında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş respublika elmi konfransında iştirak ediblər.

 

BSU-nun mətbuat xidməti